Son dəqiqə

Qazaxıstan

Qazaxıstan iqlim şəffaflığına dair 2 illik hesabat hazırlayır - Prezidentin müşaviri

Bakı, TurkicWorld

Qazaxıstan hazırda iqlimlə bağlı 2 illik şəffaflıq hesabatının (BTR) hazırlanması prosesindədir.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin müşaviri, Qazaxıstan Prezidentinin beynəlxalq ekoloji əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Zülfiyyə Suleymenova Bakıda keçirilən "İqlim Şəffaflığının Artırılması: Genişləndirilmiş Şəffaflıq Sistemində (ETF) Ümumi İştirakın Təşviqi" adlı yüksək səviyyəli dialoqda bildirib.

O, 2 illik şəffaflıq hesabatlarının (BTR) qəbul edilməsinin iqlim təşəbbüslərində kollektiv irəliləyişinin izlənməsi üçün son dərəcə vacib olduğunu vurğulayıb.

Onun sözlərinə görə, BTR-lərin təsdiqlənməsi qlobal iqlim dəyişikliyinin təsirləri ilə mübarizəyə əhəmiyyətli töhfə verəcək.

"Qazaxıstan üçün iqlim dəyişikliyi ilə mübarizənin sürətləndirilməsinin əhəmiyyəti, keçən yaz baş verən sel hadisələrindən sonra daha açıq şəkildə ortaya çıxdı. Ərazimizin böyük bir hissəsi su altında qaldı, vətəndaşlara və ölkənin iqtisadiyyatına böyük ziyan dəydi", - o eyib.

Zülfiyyə Suleymenova Qazaxıstanın hazırda 2 illik şəffaflıq hesabatının (BTR) hazırladığını və bunu noyabr ayında Bakıda keçiriləcək COP29 konfransına təqdim etməyi planlaşdırdığını qeyd edib.

"Biz bu mühüm platformada birgə əməkdaşlıq və dialoqu davam etdirəcəyimizə və COP29-a qədər yüksək nəticələr edəcəyimizə ümid edirik", - Suleymanova əlavə edib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Mövzuya görə xəbərlər