BAKI,TurkicWorld,Yusif Şərifzadə
Yəmən Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi husilərin Əl-Məxa limanına hücumunu pisləyib və bu cür hücumların nəticəsiz qalmayacağını bildirib.
TurkicWorld xəbər verir ki, Yəmənin rəsmi SABA xəbər agentliyinin məlumatına görə, Rəşad Məhəmməd əl-Əlimi hücum nəticəsində qadın və uşaqların öldüyünü, həmçinin xəstəxana və pasport idarələri də daxil olmaqla mülki infrastrukturun zərər gördüyünü deyib.
Yəmən prezidenti bildirib ki, bu hücum son həftələr ərzində artan gərginliyin bir hissəsidir. Onun sözlərinə görə, husilər daha əvvəl Məarib və Hədrəməvt bölgələrinə də hücumlar həyata keçiriblər.
Əl-Əlimi vurğulayıb ki, "nəticəsiz təcavüz dövrü başa çatıb" və Yəmən hökuməti silahlı qrupların ölkənin təhlükəsizlik məsələləri ilə bağlı qərarları təkbaşına müəyyən etməsinə imkan verməyəcək.
O bildirib ki, Yəmən tərəfi əvvəlcə sülh yolunu seçib və "müstəsna səbir" nümayiş etdirib.
Yəmən Prezident Şurasının sədri qeyd edib ki, dövlət heç bir silahlı qrupun nə vaxt hücum edib, nə vaxt dayanmaq barədə qərar vermək səlahiyyətini öz üzərinə götürməsinə razı olmayacaq.
Əl-Əlimi beynəlxalq ictimaiyyəti hücumları qəti və operativ şəkildə pisləməyə, həmçinin husiləri məsuliyyətə cəlb etməyə çağırıb.







