AÇG yataqlar blokundan indiyə qədər hasil olunan neftin həcmi açıqlanıb

AÇG yataqlar blokundan indiyə qədər hasil olunan neftin həcmi açıqlanıb

Bakı. TurkicWorld:

"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda istismara verildiyi vaxtdan etibarən 570 milyon ton neft və 205 milyard kubmetr təbii qaz hasil olunub.

TurkicWorld-un məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xoşbəxt Yusifzadə "Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil energetika siyasətinin müəllifidir" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, hasil olunan neftin 60 faizi və ya 345 milyon tonu xarici bazarlarda çıxarılıb ki, bu da ölkənin iqtisadi inkişafına daha da təkan verib.

"Azərbaycan "Əsrin müqaviləsi"ni imzaladıqdan sonra daha 35 saziş bağlayıb. Xatırladım ki, 1997-ci ildə Azərbaycanda neft hasilatı illik hesablamada cəmi doqquz milyon olub, lakin "Əsrin müqaviləsi" bağlandıqdan sonra neft hasilatı 5,6 dəfə artdı və 2010-cu ildə 51 milyon tona çatdı", - o deyib.

Qeyd edək ki, bp-nin məlumatlarına əsasən, 2022-ci il üçün AÇG-dən ümumi hasilat – Çıraq (25 200), Mərkəzi Azəri (104 100), Qərbi Azəri (106 400), Şərqi Azəri (64 000), Dərinsulu Günəşli (76 300) və Qərbi Çıraq (39 400) platformalarından birlikdə – gündə orta hesabla 415 400 barel və ya ümumilikdə təxminən 152 milyon barel, yəni 20 milyon ton olub.

AÇG-də iştirak payları aşağıdakı kimidir: BP- 30,37%; SOCAR- 25,00%; MOL- 9,57%; INPEX- 9,31%; Equinor- 7,27%; ExxonMobil- 6,79%; TPAO- 5,73%; ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%.