Son dəqiqə

Azərbaycan-Gürcüstan enerji əməkdaşlığı müzakirə edilib

Bakı,TurkicWorld

Azərbaycan və Gürcüstan arasında enerji əməkdaşlığı müzakirə edilib.

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

"Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə ölkələrimizi birləşdirən dostluq və strateji tərəfdaşlıq ruhunda enerji əməkdaşlığımızın gündəliyini nəzərdən keçirdik. Enerji sistemlərimizin dayanıqlı fəaliyyətinin təmin edilməsi və birgə regional layihələrimizin inkişafı barədə fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son məlumatına əsasən, bu ilin ilk 8 ayında Azərbaycandan təkcə Gürcüstana 12,069 milyon ABŞ dolları dəyərində 202,296 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edib. Eyni zamanda bu ilin ilk 8 ayında Azərbaycan Gürcüstandan 4,340 milyon ABŞ dolları dəyərində 66,764 milyon kVt/saat elektrik enerjisi idxal edib.

Eyni zamanda 2026-cı ilin yanvar-avqust aylarında isə Azərbaycan ümumilikdə üç ölkəyə - Rusiya, Gürcüstan və İrana 319,039 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edib. İxracın dəyəri 16,629 milyon ABŞ dolları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın elektrik enerjisi ixracı dəyər ifadəsində 36,1 milyon ABŞ dolları və ya 3,2 dəfə, fiziki ifadədə isə 600,9 milyon kVt/saat və ya 2,8 dəfə azalıb.

Bundan əlavə, cari ilin ilk səkkiz ayında Azərbaycan yuxarıda qeyd olunan ölkələrdən 143,724 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edib. İdxalın dəyəri 7,0945 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,146 milyon ABŞ dolları və ya 43,4%, həcm ifadəsində isə 28,1 milyon kVt/saat və ya 24,3% çoxdur.

Əlavə edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilin yanvar-avqust aylarında 2 milyard 373,3 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 448,5 milyon manat təşkil edib.