Bakı,TurkicWorld
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərinin maliyyələşdirilməsi üçün 2030-cu ilədək ümumilikdə 22,82 milyard ABŞ dolları həcmində dövlət investisiyalarının həyata keçirilməsi nəzərdə tutulur.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığı "Invest in Garabagh and Eastern Zangezur" (Qarabağ və Şərqi Zəngəzura investisiya) icmalının üçüncü xüsusi buraxılışında bildirilib.
İcmalda qeyd olunub ki, müvafiq Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı üçün nəzərdə tutulan dövlət investisiyalarının ilkin ümumi dəyəri 22,82 milyard dollar qiymətləndirilir.
Bu vəsaitin illər üzrə bölgüsünə əsasən, 2020-2025-ci illərdə dövlət büdcəsindən 12,94 milyard dollar ayrılıb. 2026-cı il üçün dövlət büdcəsində 2,06 milyard dollar vəsait nəzərdə tutulub. 2027-2030-cu illərdə isə əlavə olaraq 7,82 milyard dolların yönəldilməsi proqnozlaşdırılır.
Beləliklə, 2020-2025-ci illərdə ayrılmış, 2026-cı il üçün nəzərdə tutulmuş və 2027-2030-cu illər üzrə proqnozlaşdırılan vəsaitlərin ümumi həcmi 22,82 milyard dollara çatır.
İcmalda azad edilmiş ərazilərdə bank kreditlərinin həcmi və onların müddətlər üzrə bölgüsü barədə də məlumat verilib.
1 sentyabr 2026-cı il tarixinə olan məlumata əsasən, Qarabağ iqtisadi rayonunda kredit portfelinin ümumi həcmi 349,1 milyon dollar təşkil edib. Bunun 328,2 milyon dolları uzunmüddətli, 20,9 milyon dolları isə qısamüddətli kreditlərin payına düşüb.
Şərqi Zəngəzur iqtisadi rayonunda isə kredit portfelinin ümumi həcmi 22,6 milyon dollar olub. Bu məbləğin 14,5 milyon dolları uzunmüddətli, 8,1 milyon dolları isə qısamüddətli kreditlərin payına düşüb.
Beləliklə, 2026-cı il sentyabrın 1-nə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə ümumi kredit portfeli 371,7 milyon dollar təşkil edib.