Son dəqiqə

Azərbaycan Böyük Britaniya İran Avropa İttifaqı ABŞ Cənubi Qafqaz Şahdəniz

“Şahdəniz” Böyük Britaniyanın İrana qarşı yeni sanksiyalarından istisna edilib

BAKI,TurkicWorld

Böyük Britaniya hökuməti İrana qarşı sanksiyalar rejimi çərçivəsində Azərbaycandakı "Şahdəniz" qaz yatağında əməliyyatların davam etdirilməsinə icazə verən ümumi ticarət lisenziyası verib.

Müvafiq qərar Böyük Britaniya hökumətinin "General Trade Licence: Services Necessary for the Continued Operation of the Shah Deniz Gas Field" sənədində dərc olunub.

Sənədə əsasən, Böyük Britaniyanın İrana qarşı tətbiq etdiyi yeni sanksiya tədbirləri Böyük Britaniyanın Avropadakı tərəfdaşları üçün kritik əhəmiyyət daşıyan qaz tədarükünü təmin edən "Şahdəniz" layihəsinin həyata keçirilməsinin davam etdirilməsinə imkan verən istisnaları nəzərdə tutur.

"Bu, Böyük Britaniyanın uzunmüddətli siyasətinin davamıdır və "Şahdəniz" yatağı ilə bağlı fəaliyyətlər üçün analoji istisnalar nəzərdə tutan Avropa İttifaqı və ABŞ-nin yanaşmasına uyğundur", - deyə Böyük Britaniya hökumətinin sənədində bildirilir.

Verilmiş lisenziya "Shah Deniz Upstream Unincorporated Joint Venture" layihəsinin əsas əməliyyatları, Cənubi Qafqaz Boru Kəməri (South Caucasus Pipeline), "Azerbaijan Gas Supply Company" şirkəti, eləcə də Azərbaycan qazının Türkiyə və Avropaya nəql edilməsi üçün yaradılmış əlaqəli boru kəməri layihələri və birgə müəssisələrlə bağlı fəaliyyətlərə şamil olunur.

Sənəddə dəqiqləşdirilir ki, icazələr qeyd olunan layihələrin fəaliyyəti üçün zəruri olduğu halda, enerji avadanlıqları və texnologiyalarının tədarükünə, texniki yardımın göstərilməsinə, enerji sektoru ilə bağlı maliyyə və broker xidmətlərinə şamil edilir.

Qərar Böyük Britaniyanın sanksiya qanunvericiliyinə - İrana qarşı mövcud sanksiya rejimlərinə dəyişikliklər edən "Iran (Sanctions) (Amendment) Regulations 2026" qaydalarına düzəlişlər çərçivəsində qəbul edilib.

Qeyd edək ki, bp-nin məlumatına görə, "Şahdəniz" yatağının fəaliyyətdə olan infrastrukturunun hazırkı hasilat gücü sutkada təxminən 76,8 milyon standart kubmetr qaz və ya ildə təxminən 28 milyard kubmetr qaz təşkil edir.

"Şahdəniz" layihəsində iştirak paylarının bölgüsü aşağıdakı kimidir:

bp (operator) - 29,99 faiz, LUKOIL - 19,99 faiz, TPAO - 19 faiz, SGC - 16,02 faiz, NICO - 10 faiz, MVM - 5 faiz.

Mövzuya görə xəbərlər