Azərbaycan Türkiyə ABŞ neft Azeri Light ABŞ dolları

Azərbaycan nefti bahalaşıb

BAKI,TurkicWorld

İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,02 ABŞ dolları və ya 2,96 faiz artaraq bir barel üçün 104,98 ABŞ dollarına çatıb.

Bu barədə neft bazarı iştirakçılarının məlumatında bildirilib.

Qeyd olunub ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,98 ABŞ dolları və ya 3 faiz artaraq 102,19 ABŞ dolları təşkil edib.

"Urals" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,33 ABŞ dolları və ya 4,41 faiz artaraq bir barel üçün 78,81 ABŞ dollarına çatıb.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 3,2 ABŞ dolları və ya 3,25 faiz artaraq bir barel üçün 101,69 ABŞ dolları olub.

Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.

"Trading Economics"in məlumatına görə, cümə günü xam neftin qiyməti bir barel üçün 92 dollara yaxınlaşıb. Bildirilib ki, Yaxın Şərqdə yenidən başlayan hərbi əməliyyatlar, eləcə də Hörmüz boğazından gəmiçiliklə bağlı artan qeyri-müəyyənliyin təsiri ilə bu həftəni təxminən 10%-lik artımla başa vurmağa hazırlaşır.

"ABŞ bu həftə, təxminən bir aylıq nisbi sakitlikdən sonra İrana qarşı yeni zərbələr endirib. Buna cavab olaraq Tehran regiondakı ABŞ bazalarını və Hörmüz boğazından keçən gəmiləri hədəfə alıb.

Çərşənbə günü boğazdan altı yük gəmisi keçib. Bu göstərici çərşənbə axşamı qeydə alınan 11 gəmi ilə müqayisədə azdır və son 10 gün üzrə orta göstərici olan təxminən 13 gəmidən də aşağıdır.

Yaxın Şərqdə və Rusiyada neft emalı zavodlarına dəyən zərərin, eləcə də tədarükdə yaranan fasilələri kompensasiya etmək üçün digər regionlarda məhdud imkanların olması qlobal yanacaq qiymətlərinin gələn ilədək yüksək səviyyədə qalmasına səbəb ola bilər.

Bu həftə ABŞ-də dizel yanacağının qiyməti 2022-ci ilin ortalarından bəri ən yüksək səviyyəyə çatıb. Avropada isə yanacaq ehtiyatları mövsümi normalardan əhəmiyyətli dərəcədə aşağı olaraq qalır", - məlumatda qeyd edilib

Mövzuya görə xəbərlər