Bakı, TurkicWorld
2024-cü ilin may ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodunda aviasiya yanacağının istehsalında 2023-cü ilin həmin ayı ilə müqayisədə 13,6 faiz artım müşahidə olunub.
TurkicWorld xəbər verir ki, Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsi (EPDK) məlumatına görə, 2024-cü ilin mayında zavod 125 650 ton aviasiya yanacağı istehsal edib. 2023-cü ilin mayında bu rəqəm 110 576 ton olub.
Xatırladaq ki, COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlər səbəbindən aviasiya yanacağına tələbat azaldıqda STAR 1,6 milyon tonn aviasiya yanacağının istehsalı üçün nəzərdə tutulmuş istehsalat gücünü operativ olaraq yeni istiqamətə - dizel yanacağının istehsalına yönəltdi. Məhdudiyyətlər aradan qaldırıldıqdan sonra zavod artan tələbatı qarşılamaq üçün aviasiya yanacağının istehsalını bərpa etdi.
Ümumi dəyəri 6,3 milyard ABŞ dolları olan STAR zavodu 2018-ci ilin oktyabrında işə salınıb. Layihə xərclərinin təqribən 3,3 milyard dolları borc vəsaitlərinin hesabına qarşılanıb.
STAR zavodunun illik emal gücü 10 milyon tona yaxındır. Zavod gündəlik 214 min barel xam neft emal etmək gücündədir.