Azərbaycanda təbii qaz hasilatının artması Macarıstanın və Mərkəzi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaya bilər - Səfir

Azərbaycanda təbii qaz hasilatının artması Macarıstanın və Mərkəzi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaya bilər - Səfir

Bakı. TurkicWorld:

Azərbaycan resurslarının Macarıstanın təchizat zəncirinə tezliklə inteqrasiyası ölkənin maraqlarına uyğundur.

TurkicWorld xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibəsində Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma deyib.

"Sofiyada imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini daha yaxşı başa düşmək üçün qeyd etməliyəm ki, indiki geosiyasi böhran Avropanın enerji təhlükəsizliyinin zəifliyini göstərdi. Ukraynadakı müharibə səbəbindən Avropa enerji təchizatı sahəsində böyük problemlərlə üzləşib. Təbii qazın qiyməti on dəfə artdı və istilik mövsümünə qədər çənlərin doldurulması böyük problem idi. Mütəxəssislər qeyd edir ki, gələn qışa hazırlaşmaq çətin ola bilər. Avropa bazarına çıxarılan Rusiya təbii qazının həcmi ötən illə müqayisədə 60 milyard kubmetr az olacaq", deyə səfir bildirib.

T.Torma qeyd edib ki, qısa və ortamüddətli perspektivdə diversifikasiya ən yaxşı şəkildə Cənubi Qafqazda qaz hasilatını artırmaqla əldə edilir.

"Azərbaycan Avropaya tədarükünü ikiqat artırmağa hazırdır. Ona görə də Azərbaycanın Avropa üçün əhəmiyyəti artıb. Azərbaycanda təbii qaz hasilatının artması Macarıstanın və Mərkəzi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaya bilər. Azərbaycan resurslarının tədarük zəncirinə inteqrasiyası Macarıstanın maraqlarına uyğundur. "Yaşıl gələcək üçün enerji" adlı Sofiya konfransında Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Bolqarıstan, Rumıniya, Slovakiya Respublikası, Azərbaycan Respublikasının nümayəndələri ilə birgə əməkdaşlığın genişləndirilməsi və inkişafı üçün Anlaşma Memorandumu imzalayıblar", - səfir əlavə edib.

Qeyd edək ki, Anlaşma Memorandumu Avropaya əlavə qaz tədarükü üçün qaz nəqli sistemlərinin dörd operatoru ilə SOCAR arasında əməkdaşlıq sahələrini müəyyən edir. Əlavə qaz tədarükü Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın "Həmrəylik halqası" adlanan təkmilləşdirilmiş qaz ötürücü sistemləri şəbəkəsi vasitəsilə həyata keçiriləcək.