Türkiyədə daha bir təbii qaz mənbəyi aşkarlanıb

Türkiyədə daha bir təbii qaz mənbəyi aşkarlanıb

Bakı. TurkicWorld:

Türkiyədə daha bir təbii qaz mənbəyi kəşf edilib.

TurkicWorld-un məlumatına görə, təbii qaz ehtiyatları, ölkənin şimal-qərbində yerləşən Düzce vilayətində Türkiyə Neft Anonim Şirkəti (TPAO) və Trillion Energy tərəfindən kəşf edilib.

Türkiyənin Qara dəniz sahillərində Qərbi Akçakok 1 quyusunun qazılmasından sonra Akçakokun Cənub Alt Hövzəsində (SASB) potensial təbii qaz yatağının kəşf edildiyi bildirilib. Qazma əməliyyatları zamanı vilayətdə 55 milyon potensial təbii qaz yatağı aşkar edilib. Trillion-un baş direktoru Artur Halleranın sözlərinə görə, yatağın istismarı martın sonuna planlaşdırılır.

Onu da qeyd edək ki, bir müddət əvvəl Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz demişdi ki, Türkiyə öz ərazisində yaradılan qovşaq vasitəsilə təxminən 40 milyard kubmetr qaz ixrac edə bilər. Onun sözlərinə görə, ölkədəki qaz qovşağı bir il ərzində fəaliyyətə başlaya bilər.

“İndi bizim öz Qara dəniz qazımız var, biz ildə təxminən 55-60 milyard kubmetr qaz istehlak edə bilirik, qovşağın daxilində qaz kəməri sisteminə 100 milyard kubmetr qaz verə bilərik və 40 milyard kubmetri ixrac edəcəyik”, - deyə Fatih Dönməz bildirib.

Xatırladaq ki, 2020-ci ilin avqustunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qara dənizdə təxminən 320 milyard kubmetr təbii qaz ehtiyatı olan karbohidrogen ehtiyatları aşkar etdiyini açıqlamışdı. Ərdoğanın sözlərinə görə, bu tapıntı Türkiyənin xaricdən enerji asılılığından xilas olmasına töhfə verəcək. O, həmçinin qeyd edib ki, enerji resursları Türkiyənin milli təhlükəsizliyi üçün önəmlidir və 2023-cü ilə qədər bu qaz türk xalqının ixtiyarında olacaq.