Azərbaycan enerji dəhlizləri layihələrinin icrası üçün lazımi şəraiti yaradır - Pərviz Şahbazov

Azərbaycan enerji dəhlizləri layihələrinin icrası üçün lazımi şəraiti yaradır - Pərviz Şahbazov

Bakı. TurkicWorld:

Azərbaycan enerji dəhlizləri qurmağa çalışır və layihələrin icrası üçün lazımi şəraiti yaradır.

TurkicWorld-un məlumatına görə, bu barədə energetika naziri Pərviz Şahbazov X Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclası zamanı deyib.

O qeyd edib ki, bütün enerji və nəqliyyat dəhlizləri bir sıra imkanlar gətirir.

"Bütün bunlar ikitərəfli və çoxtərəfli əməkdaşlığa yol açır. Azərbaycan illərdir enerji siyasəti aparır. Yalnız özü üçün yox, digər ölkələr üçün də enerji təhlükəsizliyi məqsədinə sahibdir. Bizim yeni idealarımız var. Əlbəttə ki, gündəliyimizdə bir neçə layihələrimiz var. Əlbəttə ki enerji resurslarının təhlükəsiz təchizatı önəmli bir məsələdir. Azərbaycan enerji dəhlizləri qurmağa çalışır və layihələrin icrası üçün lazımı şəraiti yaradır. Enerji dəhlizləri yalnız bizim enerji resurlarımızı müxtəlif tərəfdaşlarımıza çatdırmağa hesablanmayıb, eyni zamanda bu bizə imkan verir ki, enerji təhlükəsizliyini təmin edək", - deyə P. Şahbazov əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.

Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.