Son dəqiqə

TAP Monteneqro İon-Adriatik qaz kəməri IAP

Monteneqro İon-Adriatik Boru Kəməri layihəsinin dəyərinin artacağını proqnozlaşdırır

Bakı. TurkicWorld:

Monteneqro İon-Adriatik Boru Kəmərinin (IAP) onun ərazisində tikinti dəyərinin 2021-ci ildə gözlənildiyindən (210 milyon avro) yüksək olacağını proqnozlaşdırır.

TurkicWorld-un məlumatına görə, bu barədə Monteneqronun vitse-prezidenti, investisiyalar naziri Ervin İbrahimoviç CdM-ə deyib.

"Hesab edirik ki, qeyd olunan məbləğ tikinti materiallarının qlobal bahalaşması ilə əlaqədar olaraq indi daha yüksək olacaq və bu il ərzində daha dəqiq qiymətləndirmə gözləyirik, həmçinin, mövcud sənədlərin də hazır olacağını proqnozlaşdırırıq", - o deyib.

İbrahimoviçin sözlərinə görə, IAP Monteneqro ərazisindən keçəcək və Albaniyanın Fieri şəhərini Xorvatiyanın Split şəhəri ilə əlaqələndirəcək.

"Boru kəmərinin ümumi uzunluğu təqribən 511 km təşkil edəcək, bunun 96 km-i Monteneqro ərazisindən keçəcək, 37 km isə dənizin dibi ilə uzanacaq. Boru kəmərinin ümumi ötürücülük qabiliyyəti illik 5 milyard kubmetr təşkil edəcək. Albaniya və Bosniya və Herseqovina hər biri 1 milyard kubmetr, Monteneqro isə 0,5 milyard kubmetr alacaq. Boru kəmərinə həmçinin Xorvatiya və Mərkəzi Avropa da (2,5 milyard kubmetr) qoşulacaq", - nazir deyib.

TAP artıq layihənin tərtibatçıları olan Plinacro (Xorvatiya), BH-Gas (Bosniya və Herseqovina), GeoplinPlinovodi (Sloveniya), həmçinin, Monteneqro və Albaniya hökumətləri ilə Anlaşma və Tərəfdaşlığa dair Memorandum imzalayıb.

TAP və IAP üzrə işçi qrup yaradılıb və texniki qoşulma məsələlərini razılaşdırmaq məqsədilə mütəmadi görüşlər keçirməkdədir.

Mövzuya görə xəbərlər