Monteneqro Azərbaycandan Avropaya qaz nəqlində də tranzit ölkə kimi çıxış etməyə hazırdır - Vitse prezident

Monteneqro Azərbaycandan Avropaya qaz nəqlində də tranzit ölkə kimi çıxış etməyə hazırdır - Vitse prezident

Bakı. TurkicWorld:

Monteneqro Azərbaycandan Avropaya qaz nəqlində də tranzit ölkə kimi çıxış etməyə hazırdır.

Bu barədə TurkicWorld-ə Monteneqronun vitse-prezidenti, investisiyalar naziri Ervin İbrahimoviç deyib.

"Biz uzun illərdir Azərbaycanla sıx əməkdaşlıq edirik. Ölkənin dövlət orqanları və yerli şirkətləri ilə çoxsaylı memorandumlar imzalamışıq. Biz Azərbaycan qazının Avropa ölkələrinə nəqli üçün Monteneqro ərazisində boru kəmərinin inşasına köməklik göstərməyə hazırıq", - o deyib.

İbrahimoviç Azərbaycanla Monteneqro arasında təkcə səmərəli tərəfdaşlıq əlaqələrinin deyil, həm də dostluq münasibətlərinin qurulduğunu qeyd edib.

"Biz Azərbaycanla dostluğumuzdan məmnunuq və gələcəkdə lazım gələrsə, Azərbaycanın bizə lazımi dəstəyi verəcəyindən əminik. Monteneqro qazdan asılı ölkə deyil, biz ümumilikdə qazdan ev təsərrüfatında istifadə etmirik. Lakin gələcəkdə qaza tələbat yarana bilər və bu, Azərbaycanla əməkdaşlıq üçün yeni perspektivlər aça bilər", - o deyib.

Xatırladaq ki, bundan əvvəl Monteneqronun vitse-prezidenti, investisiyalar naziri Ervin İbrahimoviç Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında iştirak etmişdi.