Azeri Light

Azərbaycan nefti ucuzlaşıb

BAKI, TurkicWorld:

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 5,88 ABŞ dolları və ya 4,59% ucuzlaşaraq 122,15 ABŞ dollarına enib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 5,83 dollar və ya 4,76% ucuzlaşaraq 116,62 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 7,44 dollar və ya 7,82% azalaraq 87,70 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,73 dollar və ya 4,33% azalaraq 126,46 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

"Trading Economics"in məlumatına görə, neftin qiyməti əvvəlki sessiyada kəskin ucuzlaşdıqdan sonra cümə axşamı bir barel üçün 102 dollar ətrafında ticarət olunub. Bildirilib ki, buna Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərinin gücünün təxminən yarısını bir neçə gün ərzində bərpa etməyi və kəməri altı həftə ərzində tam gücü ilə işə salmağı planlaşdırdığı barədə məlumatlar təsir edib.

"Həmin kəmər Hörmüz boğazından yan keçməyə imkan verən alternativ marşrut təmin edir. Kəmər ötən həftə dron hücumları nəticəsində zədələnib.

Bu arada Səudiyyə Ərəbistanı ABŞ hərbçilərinin köməyi ilə daha çox xam nefti Hörmüz boğazından nəql etmək səylərini artırıb.

ABŞ-nin energetika naziri Kris Rayt bildirib ki, bu həftənin əvvəlində Hörmüz boğazından 18 milyon barel xam neft və neft məhsulları keçirilib.

ABŞ-də isə rəsmi məlumatlara görə, xam neft ehtiyatları 640 min barel azalaraq 423,4 milyon barelə düşüb. Lakin azalma analitiklərin gözləntilərindən daha aşağı olub.

Bu göstərici Amerika Neft İnstitutunun (API) daha əvvəl açıqladığı, xam neft ehtiyatlarının 7,1 milyon barel artdığına dair hesablamadan kəskin fərqlənib", - məlumatda qeyd edilib.

Mövzuya görə xəbərlər