BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Azərbaycan və ABŞ arasında enerji sektorunda əməkdaşlıq imkanları müzakirə edilib.
TurkicWorld xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.
“Vaşinqtonda ABŞ ticarət nazirinin köməkçisi və Xarici Ticarət Xidmətinin baş direktoru Devid L. Foqel ilə səmərəli görüş keçirdik. Azərbaycanın geniş və şaxələndirilmiş regional enerji təchizatı planları və layihələrinin icrasında, həmçinin potensial sahələrdə ABŞ şirkətləri ilə əməkdaşlıq imkanlarına dair müzakirələr apardıq”, - paylaşımda qeyd edilib.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 1,059 milyard ABŞ dolları təşkil edib. Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 19,7 milyon ABŞ dolları və ya 1,9% çoxdur.
Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,59%-i həcmində olub. Bununla da ABŞ hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 6-cı pillədə qərarlaşıb.
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Amerika Birləşmiş Ştatlarına 52,7 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,8 milyon ABŞ dolları və ya 2,2 dəfə azdır.
Eyni zamanda, hesabat dövründə ABŞ-dən Azərbaycana 1 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 85,5 milyon ABŞ dolları və ya 9,3% artım deməkdir. Bununla da hesabat dövründə ABŞ Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.







