Dohada Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin sədrliyi ilə keçirilən Qaz İxrac edən Ölkələr Forumunun (GECF) dövlət və hökumət başçılarının VI Sammitində Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edib.
Energetika Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, nazir iştirakçılara Azərbaycan Respublikası Prezidentinin salamlarını və VI Sammitin işə başlaması münasibətilə təbriklərini çatdırıb.
Nazir çıxışında isə deyib ki, enerji keçidi çağırışının rasional həlli təbii qazın enerji balansından çıxarılması ilə deyil, onun bu prosesdə körpü rolunun dəstəklənməsi ilə mümkündür. Bu kontekstdə qaz bazarı iştirakçılarının - istehlakçı və istehsalçı ölkələrin vizyonu və koordinasiyalı fəaliyyəti bütövlükdə enerji bazarında sabitlik üçün əsas faktorlardan biridir.
Energetika naziri qaz ölkəsi kimi Azərbaycanın etibarlı təchizatçı və enerji təhlükəsizliyinin təminatında mühüm tərəfdaş kimi qəbul olunmasının əsasında doğru proqnozlaşdırmaya, beynəlxalq əməkdaşlığa və inkişafa hesablanmış, dünyadakı çağırışları çevik nəzərə alan, balanslaşdırılmış enerji siyasətinin dayandığını qeyd edib: “Biz enerji təhlükəsizliyi və ətraf mühit arasında balansın tərəfdarıyıq. Ona görə də ilk vaxtlardan enerji təchizatının yeni mənbəyi olarkən marşrutları və tədarük bazarlarını şaxələndirməklə bərabər enerji balansında resursların da müxtəlifliyinə nail olmağa çalışmışıq. Hazırkı enerji böhranı da təsdiqləyir ki, bu, daha rasional yanaşmadır. XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi də bütün tərəflərin maraqlarının uzlaşdırılması və diversifikasiya siyasətinin məhsulu kimi bu gün Azərbaycan qazının regional və beynəlxalq bazarlara fasiləsiz axınını təmin edir”.
Çıxışda, həmçinin dünyanın enerji keçidində təmiz enerji resursu olaraq qaza artan ehtiyacının qarşılıqlı faydalı əməkdaşlıq əsasında təmin ediləcəyinə və GECF-in bu prosesə töhfə verəcəyinə inam ifadə edilib.
Qeyd edək ki, sammitdə İran, Əlcəzair, Ekvatorial Qvineya və Mozambik prezidentlər, Liviya, Trinidad və Tobaqo baş nazirlər, 12 ölkə isə nazirlər səviyyəsində təmsil olunub.
Sammitin yekununda Doha Bəyannaməsi qəbul olunub.