Son dəqiqə

Azərbaycan Qazaxıstan Rumıniya

Rumıniya Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan və Qazaxıstanı dəstəkləməyə çalışır - dövlət katibi

Bakı, TurkicWorld

Rumıniya Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan və Qazaxıstana dəstək verməyə çalışır.

Bunu TurkicWorld -ə özəl müsahibəsində Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Ana Kristina Tinka deyib.

"Avropa İttifaqı 2023-cü ildə təxminən 42 milyard ABŞ dolları ticarət həcmi və son 20 ildə 180 milyard ABŞ dolları həcmində investisiya ilə Qazaxıstan üçün əsas iqtisadi tərəfdaşdır. Ən yüksək səviyyədə ardıcıl müntəzəm siyasi dialoqla dəstəklənən Aİ-Qazaxıstan Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi və Aİ-nin "Global Gateway" təşəbbüsü nəqliyyat və logistika, enerji, mühüm xammal, kənd təsərrüfatı, rəqəmsallaşma sahələrində və bir çox başqa sahələr əməkdaşlıq üçün yeni platformalar açıb", - deyə o bildirib.

Dövlət katibi qeyd edib ki, Cənubi Qafqaz regionu, eləcə də Azərbaycan Xəzəryanı ölkə kimi Avropa İttifaqı ilə Qazaxıstanı birləşdirən və onların siyasi və iqtisadi yaxınlaşmasına töhfə verən təbii körpüdür:

"Həm Qazaxıstan, həm də Azərbaycanın enerji sektorunda Avropa İttifaqının əsas tərəfdaşları olması eyni dərəcədə vacibdir. Beləliklə, Avropa İttifaqı, eləcə də Rumıniya Qara dənizdə Aİ-yə üzv dövlət kimi enerji təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş bütün layihələri dəstəkləməyə davam edəcək. Biz təchizat mənbələrinin və nəqliyyat marşrutlarının şaxələndirilməsində, yeni enerji mənbələrinin davamlı inkişafının təşviqində və yaşıl iqtisadiyyata balanslaşdırılmış keçidin təşviqində xüsusilə maraqlıyıq. Təbii ki, Xəzər və Qara dənizlər vasitəsilə karbohidrogen nəqlinin həcminin artırılması, yeni infrastruktur obyektlərinin tikilməsi və ya mövcud obyektlərin genişləndirilməsi, eləcə də "yaşıl" enerjinin inkişafı bizim üçün əsas maraq kəsb edən mövzular olaraq qalır".

O qeyd edib ki, qarşıqlı əlaqəyə gəlincə, Rumıniya hesab edir ki, Qazaxıstan, Azərbaycan və Avropa İttifaqının (o cümlədən Rumıniya) siyasətçiləri nəqliyyat və logistika, enerji və rəqəmsal əlaqənin inkişafının vacibliyi ilə bağlı eyni fikirləri bölüşürlər:

"Rumıniya Qara dənizdə müntəzəm bərə xətləri, Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi, Cənubi Qafqaza sualtı fiber optik kabel və Qara dəniz-Xəzər dənizi yük nəqliyyat dəhlizi kimi mühüm layihələrdə birbaşa iştirak edir. Bütün bu layihələr həm də Avropa ilə Qazaxıstan və daha geniş Mərkəzi Asiya regionu arasında əlaqələrin möhkəmlənməsinə töhfə verir".

Transxəzər beynəlxalq nəqliyyat marşrutu

Dövlət katibi qeyd edib ki, AYİB-in Avropa və Mərkəzi Asiya arasında dayanıqlı nəqliyyat əlaqələri ilə bağlı araşdırmasının ilk ilkin nəticələri 2023-cü ilin mayında keçirilən ikinci Aİ-Mərkəzi Asiya İqtisadi Forumunda təqdim edilib:

"O vaxtdan bəri Orta Dəhliz (və ya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) görünməmiş diqqəti cəlb etdi və yenilənmiş siyasi və praktiki səylərdən bəhrələnib. Aİ-nin "Global Gateway" Forumu, Aİ-Mərkəzi Asiya Nəqliyyat İnvestorları Forumu və TBNM Koordinasiya Platforması mövcud "dar yerlərin" aradan qaldırılması və tranzit potensialının artırılması üçün davamlı həll yollarının axtarışı da daxil olmaqla marşrutun inkişafı üzrə mübadilə və əməkdaşlıq üçün əsas platformaya çevrilib".

Ana Kristina Tinka xüsusilə Konstansa limanının əhəmiyyətini nəzərə alaraq, yüksək səviyyəli Rumıniya-Qazaxıstan təmaslarında nəqliyyat və logistikanın həmişə xüsusi yer tutduğunu vurğulayıb:

"Bu yaxınlarda prezidentlərimiz, xarici işlər nazirlərimiz bu mövzuları müzakirə ediblər. 2024-cü ilin birinci yarısında sahə nazirlikləri arasında müzakirələr, məsələn, Qazaxıstanın nəqliyyat nazirinin Rumıniyaya səfəri zamanı, daha sonra İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 17-ci plenar iclasında və bu yaxınlarda, "Global Gateway" üzrə cavabdeh şəxs olan Rumıniya Baş nazirinin dövlət müşaviri Astanaya səfəri zamanı, fəal şəkildə davam etdirilib".

Rumıniya və Qazaxıstan arasında münasibətlərdə "yaşıl" enerji

Dövlət katibi vurğulayıb ki, Qazaxıstanın "yaşıl" iqtisadiyyata keçid və karbonsizləşdirməyə sarsılmaz sadiqliyi yüksək qiymətləndirilir:

"Sıfır emissiya iqtisadiyyatına keçidin formalaşdırılması üçün mühüm əhəmiyyət kəsb edən qazıntı yanacaq istehsalı və ixracı, yaşıl enerji potensialı (külək, günəş, hidrogen) və nadir torpaq ehtiyatları baxımından Qazaxıstanın lider mövqeyini tam anlayırıq. Bu mövzular, xüsusilə iki ildən bir müntəzəm olaraq toplanan İqtisadi Əməkdaşlıq üzrə Rumıniya-Qazaxıstan Hökumətlərarası Komissiyası çərçivəsində ikitərəfli gündəmdə mühüm yer tutur. Son iclas 2024-cü il fevralın 14-15-də Buxarestdə baş tutub. Komissiyaya hər iki tərəfdən energetika nazirləri rəhbərlik edir".

Onun sözlərinə görə, Rumıniya Qazaxıstan üçün etibarlı tərəfdaş olaraq qalır, o cümlədən yaşıl enerji bazarının inkişafı sahəsində təcrübəsini bölüşür:

"Hazırda Rumıniyanın daxili istehlakının 40 faizi yaşıl enerjidən əldə edilir və onun istehsalı, o cümlədən bərpa olunan mənbələrlə ümumi enerji istehsalının 50 faizindən çoxunu təşkil edir. Məsələn, 2023-cü ilin oktyabrında Rumıniya Cənub-Şərqi Avropanın ən böyük fotoelektrik parkını açıb. Eyni dərəcədə vacibdir ki, yaşıl iqtisadiyyata keçid neft və qaz qazması, kömür hasilatı və neft-kimya sənayesi üçün davamlı, ekoloji cəhətdən təmiz texnologiyalar tələb edir. Rumıniyanın da uzun və zəngin istehsal ənənələri var".

Ölkələr arasında ticarət əlaqələri

Onun sözlərinə görə, Rumıniya və Qazaxıstan arasında 32 ildən artıq davam edən güclü və güclü tərəfdaşlıq əlaqələri var:

"Qazaxıstan Rumıniyanın Mərkəzi Asiyada ən mühüm iqtisadi tərəfdaşıdır. Bundan əlavə, Rumıniya Qazaxıstan üçün Avropa İttifaqına və onun vahid bazarına əsas qapıdır, və hazırda Aİ ölkələri arasında 5-ci və Qazaxıstanın ticarət və investisiya tərəfdaşı kimi qlobal miqyasda 12-ci yeri tutur. Son illərdə üzləşdiyimiz mühüm geosiyasi çağırışlara baxmayaraq, biz bütün səviyyələrdə etimadlı dialoqa dair uzun ənənəmizi inkişaf etdirməyə davam etmişik. Keçən il Prezident Klaus İohannis və Prezident Qasım-Jomart Tokayev BMT Baş Assambleyası çərçivəsində ticarət, əlaqə və enerji əməkdaşlığımızı genişləndirmək üçün konkret addımlara diqqət yetirərək mənalı müzakirələr aparıblar", - deyə o bildirib.

Ana Kristina Tinka əlavə edib ki, bu görüşdən sonra Qazaxıstan baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu ilk rəsmi səfərini Rumıniyaya edib.

"2023-cü ildə ikitərəfli ticarətdə yeni rekord 3,07 milyard ABŞ dollarına (pandemiyadan əvvəlki dövrdən ikiqat) çatdı və ən böyük pay Qazaxıstandan karbohidrogenlərin, xüsusilə də neftin idxalına düşüb. 2024-cü ilin birinci rübündə ümumi tendensiya dinamik olaraq qalır: Rumıniyanın idxalı 740 milyon ABŞ dollarına çatıb və Rumıniyanın ixracı 115 faiz artaraq 36 milyon ABŞ dollarına çatıb. Bununla belə, biz hələ bunun tam potensialına çatmamışıq. Odur ki, qarşımızda duran vəzifələri aşağıdakı kimi ümumiləşdirmək olar: diversifikasiya - sənaye məhsullarına daha çox önəm verilməsi; yeni texnologiyalara daha çox investisiya; dairəvi iqtisadiyyatın inkişafı", - deyə o bildirib.

Tərəfdaşlığın inkişafı üçün potensial sahələr

"Ölkələrimizin və regionlarımızın bütün aspektlərdə yaxınlaşması strateji istiqamət olaraq qalır. Rumıniya-Qazaxıstan əməkdaşlığında, xüsusilə ticarət, investisiya, enerji və əlaqə sahələrində birgə səylərlə açılmağı gözləyən təsirli potensial var. Ticarət və investisiyalara gəlincə, biz yeni səviyyəyə qalxmalı və xüsusilə kimya, əczaçılıq, plastik, elektronika və elektrik avadanlıqları, elektrik maşınları və materialları, kənd təsərrüfatı, kənd təsərrüfatı texnikası və qida emalı, vaqon və yük infrastrukturu, eləcədə sond dərəcə əhəmiyyətli xammal sahələrində qarşılıqlı razılaşdırılmış diversifikasiya məqsədlərinə nail olmalıyıq", - deyə dövlət katibi qeyd edib.

Mövzuya görə xəbərlər