Bakı, TurkicWorld
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar İranın iştirakı ilə türkmən qazının Türkiyəyə mübadilə nəqli üzrə danışıqlar aparmaq üçün iyulun sonunda Aşqabada səfər edəcək.
TurkicWorld xəbər verir ki, bunu Bayraktar "Bloomberg" agentliyinə müsahibəsində deyib.
"Türkiyə hazırda qonşu İran vasitəsilə Türkmənistandan qaz mübadiləsi (swap) yolu ilə qaz idxalı imkanlarını araşdırır. Ümid edirəm ki, bu ayın sonunda Türkmənistana səfərim zamanı razılığa gələcəyəm", - deyə Bayraktar bildirib.
Türkiyə Türkmənistanla olduğu kimi, İranla həmsərhəddir, bu da Swap əməliyyatları üçün real imkanın olduğunu göstərir.
İyunun 4-də Türkiyənin "Botaş" dövlət qaz şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə türkmən qazının Azərbaycan ərazisindən Türkiyəyə tranziti üzrə əməkdaşlıq haqqında saziş imzalayıb. Məlumatlı mənbənin Trend-ə verdiyi məlumata görə, bu razılaşmanın təfərrüatı Türkiyə, Türkmənistan və İran arasında aparılan danışıqlardan sonra bəlli olacaq.
Xatırladaq ki, 2024-cü ilin martında Türkmənistan və Türkiyə təbii qaz ehtiyatları sahəsində tərəfdaşlığın inkişafına dair Qarşılıqlı Əməkdaşlıq Memorandumu imzalayıblar.