2021-ci ilin sonuna kimi TAP vasitəsilə qaz nəqlinin həcmi 7,8 milyard kubmetrədək çatacaq

2021-ci ilin sonuna kimi TAP vasitəsilə qaz nəqlinin həcmi 7,8 milyard kubmetrədək çatacaq

Trend BİA-nın Trans-Adriatik boru kəməri (TAP) konsorsiumunun icraçı direktoru Luka Skyeppati ilə özəl müsahibəsi

Qaz nəqlinin həcmləri

Dekabrın birinci həftəsində qeydə alınan göstərici nəzərə alınmaqla bu ilin sonuna kimi Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə nəqlin həcmi 7,8 milyard kubmetrədək çata bilər. O qeyd edib ki, qaz nəqlinin yekun həcmi daşıyıcılar tərəfindən TAP-a edilən müraciətlərdən asılı olacaq.

"TAP şirkəti 2021-ci il boyunca etibarlı nəql xidmətləri göstərib. Dekabrın əvvəlindək TAP Azərbaycandan Avropaya 7 milyard kubmetrədək qaz nəql edib. Tədarük mənbələrini şaxələndirməklə, TAP bir sıra Avropa qaz bazarlarının likvidliyini artırıb. TAP vasitəsilə nəql olunan qaz, həmçinin İtaliyanın PSV və Niderlandın TTF etalon qaz qiymətləri arasında fərqin azalmasına kömək etdi. TAP olmasa idi, yəqin ki, İtaliyada qaz qiymətləri daha yüksək olardı", - deyə o bildirib.

Buraxılış gücünün artırılması

L.Skyeppati bildirib ki, (TAP) buraxılış gücü mərhələli şəkildə artırıla bilər.

"TAP-ın genişləndirilməsi potensialı bazara müntəzəm bazar sınaqları vasitəsilə təqdim olunur. Bazar sınaqları daşıyıcıların TAP-ın uzunmüddətli güclərinə çıxış imkanı əldə edə biləcəyi tənzimlənən prosesdir. Qaz kəmərinin nəql gücü ildə 20 milyard kubmetrədək artırıla bilər", - deyə o bildirib.

O qeyd edib ki, boru kəmərinin buraxılış gücünü mərhələli şəkildə artırmaq olar: məhdud artım (ildə 14,4 milyard kubmetr), qismən artım (ildə 17,1 milyard kubmetr) və ya tam artım (ildə təxmin 20 milyard kubmetr).

"Nəql gücünün artırılması müddətləri bazar sınaqlarından sonra qəbul ediləcək texniki qərarlardan və təqdim olunacaq faktiki gücdən asılı olacaq. Hazırda 2021-ci ilin bazar sınaqları keçirilir", - L.Skyeppati deyib.

O əlavə edib ki, TAP 2020-ci il noyabrın 15-dən etibarən kommersiya əməliyyatlarının başlamasından bəri ildə 10 milyard kubmetr səviyyəsində tam gücü ilə işləyir.

TAP-ın strukturunda mümkün dəyişikliklər

İcraçı direktor qeyd edib ki, TAP-ın buraxılış gücünün ildə 20 milyard kubmetrə çatdırılması üçün iki əlavə kompressor stansiyası inşa etmək lazım olacaq.

"Yeni stansiyalar Yunanıstanın Serres və Albaniyanın Bilişt qəsəbələrində lazım olacaq. Bundan başqa, Yunanıstanın Kipoi və Albaniyanın Fiere şəhərlərindəki mövcud kompressor stansiyalarında əlavə kompressorlar və avadanlıqlar quraşdırmaq lazım olacaq. TAP-ın genişləndirilməsi əlavə boru kəmərlərinin çəkilməsini tələb etmir", - deyə L.Skyeppati vurğulayıb.

Hidrogen tədarükü imkanlarının qiymətləndirilməsi

L.Syeppatinin sözlərinə görə, hidrogen nəqli imkanlarının yekun qiymətləndirməsinin nəticələri göstərir ki, TAP gələcəkdə hidrogen qarışığının nəqli üçün potensiala malikdir.

"Araşdırmaların nəticələrinə əsasən, TAP ilkin olaraq 10 faizlik hidrogen qarışığının nəqlini hədəfləyə bilər. Faiz tərkibinin istənilən artımı gələcək tədqiqatlardan və işlərdən, eləcə də normativ dəyişikliklərdən asılı olacaq. TAP-a ilk hidrogenin daxil edilməsi bir sıra amillərdən, xüsusən də qanunverciliyə dəyişikliklərdən, həmçinin hidrogen bazarının inkişafından asılı olacaq", - deyə o bildirib.

O bildirib ki, TAP 2022-ci ildə nəqliyyat sistemlərinin operatorları, qəbul edən ölkələrin hökumətləri və digər maraqlı tərəflərlə əlaqəli şəkildə növbəti planlaşdırma, tədqiqat, boru kəmərləri materiallarının sınağı və qaynaq mərhələlərinə keçməlidir.