Bakı. TurkicWorld:
Azərbaycanla qaz tədarükünə dair razılaşma vahid enerji mənbəyindən asılılığı azaltmağa imkan verəcək.
TurkicWorld xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
"Macarıstan Azərbaycan, Türkiyə və Qətərlə vahid mənbədən asılılığı azaltmağa yönəlmiş sazişlər bağlayaraq, qaz mənbələrini fəal şəkildə diversifikasiyalaşdırır. Avropa İttifaqı (Aİ) tərəfindən maliyyə dəstəyinin olmamasına baxmayaraq, Macarıstan Cənub-Şərqi Avropa ölkələri ilə qaz infrastrukturunun imkanlarının genişləndirilməsi üzrə sıx əməkdaşlıq edir", - o deyib.
Bundan əvvəl Siyarto bildirib ki, Macarıstan-Azərbaycan dostluğu təkcə iqtisadi fəaliyyətdən asılı deyil. O, eyni zamanda, bu il Azərbaycandan Macarıstana təbii qazın fiziki axınının başladığını qeyd edib.
Xatırladaq ki, Macarıstanın təbii qazın ən böyük topdan satıcısı olan "MVM CEEnergy" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 100 milyon kubmetr qaz satışı üzrə müqavilə imzalayıblar. Qazın tədarükü 2023-cü ilin dördüncü rübündə başlayacaq. SOCAR artıq ilk 50 milyon kubmetrin Macarıstandakı anbara vurulmasına başlayıb.