Bakı. TurkicWorld:
Trans-Adriatik boru kəməri (TAP) enerji təchizatını təmin etmək üçün həyati əhəmiyyət kəsb edən infrastrukturların sırasına daxildir.
TurkicWorld xəbər verir ki, bunu Yunanıstanın xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Kostas Fraqoyannis deyib.
O, Aleksandrupolis şəhərində üzən maye təbii qaz (MTQ) terminalının, Revitusa limanında "Revithoussa LNG" təkrar qazlaşdırılmış terminalın və Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) Cənub-şərqi Avropa regionunda enerji təhlükəsizliyi üçün, eləcə də, karbon qazı tullantılarının daha az olduğu alternativ enerji mənbələrinə təcridən keçid üçün əhəmiyyətini vurğulayıb.
"Yunanıstan beynəlxalq və regional səviyyədə iqtisadi inkişafa və əməkdaşlığa imkan yaradan təşəbbüslərdə yenidən iştirak etməklə özünün qarşılıqlı əlaqə mərkəzi və Avropanın mərkəzi hissəsində sabitliyin, inkişafın və tərəqqinin dayağı kimi rolunu təsdiqləyib", - nazir müavini özünün rəsmi mətbuatda dərc olunan məqaləsində deyib.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində Yunanıstan TAP vasitəsilə Azərbaycandan 1,020 milyard kubmetr qaz idxal edib. İyun ayında idxal may ayındakı 163 milyon kubmetrlə müqayisədə 7,1 faiz artaraq, 174,6 milyon kubmetr olub. 2023-cü ilin ilk 6 ayı ərzində Yunanıstanın Azərbaycandan təbii qaz alışına çəkdiyi xərclərin ümumi dəyəri 523,8 milyon avro olub.
Azərbaycanın Energetika Nazirliyinin məlumatlarına əsasən, 2023-cü ilin yanvar-iyun ayları ərzində ölkədə 24,1 milyard kubmetr təbii qaz hasil edilib.
Bu dövrdə xaricə qaz satışı təxminən 12 milyard kubmetr təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə, təqribən 7,5 faiz çoxdur. Cari ilin yanvar-iyun aylarında Türkiyəyə təqribən 5 milyard kubmetr, Avropaya təqribən 5,7 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 2,8 milyard kubmetr qaz nəql olunub.
Azərbaycan Avropaya qazı Cənub Qaz Dəhlizinin son hissəsi olan Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə tədarük edir. Boru kəmərinin gücü ildə 20 milyard kubmetrədək genişləndirmə imkanı ilə 10 milyard kubmetr təşkil edir
(Tərcümə: Rəna Əbdürəhmanova)
X: @Lyaman_Zeyn