Bakı,TurkicWorld
2026-cı ilin yanvar-sentyabr aylarında Dövlət Maliyyə Nəzarəti Xidmətinin həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində 106,9 milyon manat vəsait bərpa edilib, 100,9 milyon manat məbləğində xərclərin qarşısı alınıb.
Bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin 9 aylıq dövrü üzrə hesabatında bildirilib.
Qeyd olunub ki, hesabat dövründə nəzarət tədbirləri ümumilikdə 84 təşkilat üzrə başa çatdırılıb. Bunlardan 52-si hüquq-mühafizə orqanlarından daxil olmuş qərarlar əsasında, 32-si isə plandankənar yoxlamalar çərçivəsində həyata keçirilib.
Nəzarət tədbirləri başa çatdırılmış obyektlər üzrə 106,9 milyon manat vəsaitin bərpası təmin edilib. Eyni zamanda, 100,9 milyon manat məbləğində əsassız və ya qanunvericiliyə uyğun olmayan xərclərin qarşısı alınıb.
Maliyyə ekspertizası üzrə 91 layihə əhatə olunub
Hesabat dövründə maliyyə ekspertizasının həyata keçirilməsi istiqamətində də işlər davam etdirilib.
Belə ki, işğaldan azad edilmiş ərazilərdə dövlət investisiya layihələrinin səmərəliliyinin artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilib. Bu çərçivədə dövlət investisiya və infrastruktur layihələrinin yüksək səmərəliliklə icrasının təmin edilməsi, dövlət vəsaitlərindən qənaətlə istifadə olunması, layihələrin optimallaşdırılması və preventiv nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə maliyyə ekspertizası aparılıb.
Ümumilikdə 91 layihə maliyyə ekspertizasına cəlb olunub. Onlardan 59-u tamamlanmış, 32-si isə icrası davam edən layihələrdir.
Tamamlanmış 59 layihənin ümumi dəyəri 1 milyard 38 milyon manat təşkil edib.
Maliyyə ekspertizası çərçivəsində layihələrin dəyər və iş həcmləri üzrə ekspertizası aparılıb. Qiymət ekspertizası zamanı malların, materialların və avadanlıqların, eləcə də işçi qüvvəsi, maşın və mexanizmlərdən istifadə ilə bağlı xərclərin qüvvədə olan normalar və bazar qiymətləri ilə uyğunluğu qiymətləndirilib.
Bununla yanaşı, iş həcmlərinin ekspertizası zamanı layihə cizgiləri ilə smeta sənədləri arasındakı miqdar və hesablamaların uyğunluğu yoxlanılıb, layihələrin icrasında kənarlaşmaların müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülüb.