Bakı,TurkicWorld
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə bəyanat yayıb.
Bəyanatda 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin Azərbaycanın ərazi bütövlüyünün bərpası, keçmiş məcburi köçkünlərin hüquqlarının təmin olunması və regionda sülhün möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyəti vurğulanıb.
Ombudsman bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatları nəticəsində mülki əhalinin təhlükəsizliyinə ciddi təhdidlər yaranıb, yaşayış məntəqələri və mülki infrastruktura ziyan dəyib. Azərbaycan beynəlxalq hüquqla təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatlarına başlayıb.
Səbinə Əliyeva qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın həmrəyliyi nəticəsində 44 günlük Vətən müharibəsi tarixi Zəfərlə başa çatıb.
Onun sözlərinə görə, Qələbə keçmiş məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi və BMT Təhlükəsizlik Şurasının uzun illər icra olunmamış qətnamələrinin həyata keçirilməsi baxımından mühüm nəticələr yaradıb.
Bəyanatda 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror əməliyyatından sonra Azərbaycanın suverenliyinin tam təmin olunmasının ölkənin dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı olduğu bildirilib.
Ombudsman, həmçinin 2025-ci ilin avqustunda Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında keçirilmiş görüşdə sülh sazişinin paraflanmasını regionda davamlı sülhün və mehriban qonşuluq münasibətlərinin qurulması istiqamətində mühüm addım kimi qiymətləndirib.
Səbinə Əliyeva müharibənin humanitar nəticələrinin hələ də tam aradan qaldırılmadığını diqqətə çatdırıb. O, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışının davam etdirilməsi, işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi, eləcə də ətraf mühitə vurulmuş ziyanın aradan qaldırılmasını aktual məsələlər kimi göstərib.
Ombudsman beynəlxalq təşkilatları, xarici ölkələrin ombudsmanlarını və milli insan hüquqları təsisatlarını bu istiqamətdə səylərini gücləndirməyə çağırıb.
“Beynəlxalq təşkilatları, ombudsman və milli insan hüquqları təsisatlarını müharibənin humanitar nəticələrinin aradan qaldırılması, itkin düşmüş şəxslərlə bağlı məsələlərin həllinə dəstək göstərilməsi, mina təhlükəsinə qarşı mübarizə və dayanıqlı sülhün təşviqi istiqamətində səylərini davam etdirməyə çağırıram”, – deyə Səbinə Əliyeva bəyanatında vurğulayıb.
Ombudsman Zəfər Gününün altıncı ildönümü münasibətilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsini ehtiramla yad edib, ölkəyə və regiona davamlı sülh, təhlükəsizlik və firavanlıq arzulayıb.
Qeyd edək ki, 6 noyabr 2026-cı il tarixli bəyanat BMT-nin Baş katibinə, Təhlükəsizlik Şurasına, insan hüquqları üzrə beynəlxalq qurumlara, UNICEF, UNESCO, Avropa İttifaqı, Avropa Şurası, ATƏT və İslam Əməkdaşlıq Təşkilatının rəhbərliyinə, beynəlxalq və regional ombudsman birliklərinə, müxtəlif ölkələrin milli insan hüquqları institutlarına, diplomatik nümayəndəliklərə və Azərbaycanın diaspor təşkilatlarına göndərilib.







