BAKI,TurkicWorld
Azərbaycanda cari ilin aprel ayından etibarən elektron müqavilə sistemi vasitəsilə ümumi dəyəri 3 milyard manatdan çox olan 7 500 müqavilə imzalanıb.
TurkicWorld-un tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Sahil Babayev cümə axşamı Bakıda keçirilən dövlət maliyyəsinin rəqəmsal transformasiyasına həsr olunmuş konfransda deyib.
Nazir bildirib ki, elektron müqavilə sisteminin tətbiqi dövlət öhdəliklərinin tam elektron uçotunun aparılmasına imkan yaradır. Sistemin köməyi ilə dövlət qurumları arasında imzalanan müqavilələrin elektron bazası, elektron qiymət bazası və dövlət öhdəliklərinin vahid uçotu formalaşdırılır.
"Bu sistem dövlət qurumları üçün şəffaf, sürətli və operativ imkanlar yaradır. Elektron müqavilə sistemi vasitəsilə müqavilənin hazırlanması və imzalanması prosesi artıq bir iş günü ərzində başa çatdırıla bilir", - deyə o qeyd edib.
Sahil Babayevin sözlərinə görə, elektron müqavilə sisteminin tətbiqindən sonra bank zəmanətlərinin də elektronlaşdırılması və müvafiq platforma ilə inteqrasiyası təmin edilib. Hazırda avans, icra və digər növ bank zəmanətləri elektron platforma üzərindən rəsmiləşdirilir.
Nazir vurğulayıb ki, əvvəllər 5-10 iş günü tələb edən bu prosesin elektronlaşdırılması vaxt itkisinin aradan qaldırılmasına və əməliyyatların sürətləndirilməsinə imkan verib.
O əlavə edib ki, elektron təhvil-təslim mexanizminin yaradılması da yekun mərhələdədir və yaxın günlərdə tam istifadəyə veriləcək. Bu mexanizm maliyyə şöbələrinin fəaliyyətinin təkmilləşdirilməsinə və vahid uçot sisteminin formalaşdırılmasına xidmət edəcək.
Nazir dövlət xəzinədarlığının rəqəmsallaşdırılması istiqamətində də işlərin aparıldığını bildirib. Onun sözlərinə görə, yeni rəqəmsal xəzinədarlıq modelinin bir sıra modulları artıq istifadəyə verilib.
"Əvvəlki dövrlərdə xəzinədən ödənişlərin həyata keçirilməsi üçün ən azı beş iş günü tələb olunurdusa, hazırda ödənişlər eyni gün ərzində icra edilir. Orta göstəricimiz 10 saatdır. Hədəfimiz gələn il bu müddəti iki saata qədər azaltmaqdır", - deyə Sahil Babayev bildirib.
O qeyd edib ki, xəzinədarlıq sisteminin digər elektron sistemlərlə inteqrasiyası da təmin edilir. Beləliklə, müqavilənin imzalanmasından ödənişin həyata keçirilməsinə, daha sonra isə müvafiq aktivin dövlət aktivləri reyestrində uçota alınmasına qədər bütün mərhələləri əhatə edən vahid rəqəmsal zəncir yaradılır.
Nazirin sözlərinə görə, bu yanaşma dövlət aktivlərinin vahid məlumat bazasının formalaşdırılmasına, dövlət qurumlarında mühasibat uçotunun dəqiqləşdirilməsinə, eləcə də maliyyə və qeyri-maliyyə öhdəliklərinin daha səmərəli idarə olunmasına imkan verəcək.
Sahil Babayev əlavə edib ki, növbəti mərhələdə elektron büdcə informasiya sisteminin də təkmilləşdirilməsi nəzərdə tutulur. Elektron müqavilə, elektron xəzinədarlıq və elektron mühasibatlıq sistemlərinin inteqrasiyası nəticəsində bu sistemlərdə formalaşan məlumatlar vahid elektron büdcə sistemində birləşdiriləcək.
"Düşünürəm ki, bu inteqrasiya nəticəsində dövlət büdcəsinin 60 faizə qədərinin elektron qaydada formalaşdırılmasına nail ola biləcəyik", - deyə nazir vurğulayıb.
O, həmçinin dövlət şirkətlərinin fəaliyyətinə nəzarət, monitorinq və dividend siyasətinin təkmilləşdirilməsi məqsədilə yaradılmış hesabatlılıq portalının nəticələrindən danışıb.
Nazirin sözlərinə görə, qısa müddət ərzində portalda 1 113 müəssisə qeydiyyatdan keçib və 11 434 hesabat təqdim olunub.
Sahil Babayev bildirib ki, bu məlumatlar əsasında 2026-cı il üçün 950 dövlət şirkətinin təsdiqlənmiş büdcə hesabatları əldə edilib, 885 müəssisə üzrə isə dividend proqnozları formalaşdırılıb.
O qeyd edib ki, aparılan təhlillər nəticəsində gələn il ilk dəfə olaraq 40-dan çox müəssisənin dövlət büdcəsinə dividend ödəməsi nəzərdə tutulub. Ümumilikdə, təxminən 9 milyon manat həcmində dividend daxilolmalarının proqnozlaşdırılması planlaşdırılır.
"Bu, həm dövlət şirkətlərinin idarə edilməsi sahəsində son illərdə əldə olunan nailiyyətlərin, həm də dövlət maliyyə siyasətində yeni istiqamət və yanaşmanın bariz nəticəsidir", - deyə maliyyə naziri bildirib.







