Son dəqiqə

Azərbaycan ixrac Dövlət dəstəyi Nəqliyyat xərcləri qeyri-neft-qaz ixracı daşıma xərcləri logistika xərcləri

Qeyri-neft-qaz ixracında yeni mərhələ: logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

BAKI,TurkicWorld

Son illərdə Azərbaycanda qeyri-neft-qaz ixracının həcmi və coğrafiyası genişlənir. Bu dinamikanın davamlılığının təmin edilməsi və ixracatçıların imkanlarının artırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu baxımdan, “Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman ixracın təşviqi və yeni dəstək mexanizmlərinin formalaşdırılması baxımından mühüm addımdır.

Fərmanla Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı çəkilən daşıma xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması nəzərdə tutulur. Fərmanla Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı çəkilən nəqliyyat xərclərinin 70%-dək hissəsi dövlət tərəfindən qarşılanır. Bu dəstək sahibkarların logistika xərclərini azaldacaq və yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətini gücləndirəcək. Dəstək bu ilin sentyabrın 1-dən etibarən tətbiq olunur.

Sahibkarlara ödəniləcək dəstəyin məbləği ixracda istifadə olunacaq nəqliyyatın növünə görə nəqliyyat xərci və gömrük dəyəri əsasında müəyyən ediləcək. Nəqliyyat xərci üzrə hesablama dəmir yolu, hava və dəniz nəqliyyatı, həmçinin Azərbaycan qeydiyyatlı avtomobillə daşınan yüklər üzrə ödənilmiş xərclərin 70%-i, xarici qeydiyyatlı avtomobil nəqliyyatı ilə daşınmalar üzrə isə xərclərin 50%-ini təşkil edir.
Gömrük dəyəri üzrə hesablama dəniz nəqliyyatı üzrə dəyərin 5%-i, digər nəqliyyat növləri üzrə 15%-ini təşkil edir. İki hesablama üzrə alınan məbləğlərdən az olanı dəstək məbləği kimi ödənilir.

Həmin dəstək mexanizmlə yanaşı, bu ilin sentyabrın 1-dən etibarən Naxçıvan Muxtar Respublikasında istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ölkənin digər ərazilərinə daşınması üçün çəkilən nəqliyyat xərclərinin 70%-i dövlət tərəfindən ödənilir.

Mexanizm 2036-cı il sentyabrın 30-dək həyata keçirilmiş ixrac və daxili daşımalara münasibətdə qüvvədə olacaq. Sahibkarlar hər rüb həyata keçirdikləri ixrac və ya daxili daşıma əməliyyatlarını təsdiq edən sənədləri toplayaraq həmin rüb bitdikdən sonra İqtisadiyyat Nazirliyinə təqdim edə bilərlər. Bu sənədlər əsasında dəstək məbləği hesablanacaq və sahibkara ödəniləcək.

Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracının genişlənməsi məqsədilə 1 sentyabr 2026-cı il tarixindən gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi dövlət tərəfindən kompensasiya edilir. Dəstəkdən mikro, kiçik və orta sahibkarlıq subyektləri olan ixracatçılar yararlana bilərlər. Kompensasiyanın məbləği ixrac olunan malın gömrük dəyərinə uyğun tətbiq edilən gömrük rəsmiləşdirmə yığımına əsasən müəyyən ediləcək və hər bir ixrac bəyannaməsi üzrə müəyyən edilmiş yuxarı hədd nəzərə alınacaq. Qeyd edək ki, ixrac zamanı gömrük rəsmiləşdirilməsi xərclərinin kompensasiyası mexanizmi 30 sentyabr 2031-ci il tarixinədək – ümumilikdə 5 il müddətində tətbiq ediləcək.

Yeni bazarlara çıxış üçün əlavə imkan

Fərmanın əsas strateji nəticələrindən biri Azərbaycan şirkətlərinin yalnız ənənəvi bazarlara deyil, yeni və alternativ bazarlara yönəlməsini stimullaşdırmaq potensialıdır. Yeni və alternativ xarici bazarlara çıxış zamanı yaranan yüksək nəqliyyat xərcləri ixracatçıların rəqabət imkanlarını məhdudlaşdıran amillərdəndir. Logistika zəncirinin mürəkkəbliyi və uzaq məsafəli daşımaların məhsulun maya dəyərindəki yüksək payının ixracın həm məhsullar, həm də coğrafiya üzrə şaxələndirilməsinə mane olur. Mexanizm şirkətlərə yeni bazarları sınaqdan keçirmək üçün əlavə imkan yaradır.

Məsələn, sahibkar əvvəllər müəyyən bazara ixracı logistika xərclərinə görə iqtisadi baxımdan məqsədəuyğun hesab etmirdisə, mexanizm həmin bazarın rentabelliyini dəyişə bilər. Beləliklə, dövlət dəstəyi şirkətə əlavə iqtisadi stimul yarada bilər.

Naxçıvan üçün mexanizm

Fərmanın digər mühüm istiqaməti Naxçıvan Muxtar Respublikasında istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ölkənin digər ərazilərinə daşınması ilə bağlıdır. Bu mexanizm Naxçıvanda istehsalın genişləndirilməsi baxımından ayrıca əhəmiyyət daşıyır. Məhsulun Naxçıvandan ölkənin digər şəhər və rayonlarına rəqabətqabiliyyətli qiymətlə çatdırılması da vacibdir. Əgər logistika xərci məhsulun qiymətini ciddi şəkildə artırırsa, Naxçıvanda istehsal olunan məhsul ölkənin digər bölgələrində rəqabətdə çətinlik çəkə bilər. Bu səbəbdən daxili daşıma dəstəyi Naxçıvan istehsalçısının satış coğrafiyasının genişlənməsinə xidmət edə bilər.

Naxçıvan üçün tətbiq edilən mexanizm yalnız sahibkarın nəqliyyat xərcinin azalması kimi qiymətləndirilməməlidir. Burada daha geniş iqtisadi məqsəd var. Bu, Naxçıvanda istehsal olunan məhsulların Azərbaycanın daxili bazarına daha geniş inteqrasiyasıdır. Bu baxımdan daxili daşıma dəstəyi Naxçıvanın həm istehsal potensialını, həm də satış və təchizat imkanlarını gücləndirə bilər.
Beləliklə,
Fərman Azərbaycan iqtisadiyyatında qeyri-neft-qaz ixracının genişləndirilməsinə yönəlmiş siyasətin mühüm elementlərindən biridir. Bu mexanizm Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətini artırmaq, yeni ixrac bazarlarına çıxışı stimullaşdırmaq, ixrac coğrafiyasını genişləndirmək, qeyri-neft-qaz ixracının strukturunu şaxələndirmək, yerli logistika imkanlarından istifadəyə stimul yaratmaq potensialına malikdir.

Mövzuya görə xəbərlər