BAKI,TurkicWorld
Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışı, xarici investorların ölkə bazarına marağının artırılması və yerli maliyyə imkanlarının genişləndirilməsi II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda əsas müzakirə mövzularından biri olub.
London Fond Birjasının Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Ayuna Necayeva forumda çıxışı zamanı Azərbaycan şirkətlərinin beynəlxalq investor icmasına çıxışı üçün London Fond Birjasının mühüm platformaya çevrilə biləcəyini bildirib.
Ayuna Necayeva qeyd edib ki, London Fond Birjasında Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışına maraqla yanaşı, xarici investorların da Azərbaycan bazarını araşdırmağa böyük marağı var.
Onun sözlərinə görə, bu maraq yalnız xaricdən maliyyə cəlb etmək istəyən şirkətlərlə məhdudlaşmır. Beynəlxalq investorlar sürətlə inkişaf edən, iqtisadi potensialı yüksək və investisiya portfellərinin şaxələndirilməsi üçün yeni imkanlar yaradan bazarları diqqətlə izləyirlər.
“Düşünürəm ki, London Fond Birjası Azərbaycan şirkətləri üçün beynəlxalq investor icmasına açılan bir qapıya çevrilə bilər”, – deyə Ayuna Necayeva bildirib.
O vurğulayıb ki, 16 ildən artıqdır London Fond Birjasında fəaliyyət göstərir və onun iş istiqamətinə Avropa ilə yanaşı, Mərkəzi Asiya və Transxəzər regionu da daxildir.
Necayeva beynəlxalq investorların regiona marağını Özbəkistan nümunəsi ilə izah edib. O bildirib ki, bu il London Fond Birjasında ən böyük ilkin kütləvi təkliflərdən biri Özbəkistan şirkəti tərəfindən həyata keçirilib və nəticədə təxminən 700 milyon ABŞ dolları həcmində vəsait cəlb olunub.
Onun sözlərinə görə, şirkət əvvəlcə daha aşağı həcmdə vəsait toplamağı planlaşdırsa da, investor tələbinin yüksək olması səbəbindən sövdələşmənin həcmi artırılıb.
Ayuna Necayeva qeyd edib ki, Azərbaycan və Özbəkistan fərqli ölkələr olsa da, hər iki bazarda yüksək inkişaf potensialı, savadlı insan resursları və böyük iqtisadi imkanlar mövcuddur.
O əlavə edib ki, Azərbaycan bazarına beynəlxalq investor marağının daha da artması üçün real potensial var və bu istiqamətdə beynəlxalq maliyyə platformaları mühüm rol oynaya bilər.
Azərbaycanın enerji təcrübəsi yeni investisiya sahələrinə yol açır
“Standard Chartered” bankının nümayəndəsi Desislava Radeva isə Azərbaycanın enerji sektorunda formalaşdırdığı təcrübənin digər sahələrdə də böyük investisiya imkanları yaratdığını bildirib.
Onun sözlərinə görə, bankın əsas fəaliyyət istiqamətlərindən biri infrastruktur və kapital layihələri üçün uzunmüddətli maliyyələşmə mexanizmlərinin yaradılmasıdır.
Radeva qeyd edib ki, iri layihələrin beynəlxalq investorlar üçün cəlbedici olması üçün əsas məsələlərdən biri risklərin düzgün idarə olunması və layihələrə inamın formalaşdırılmasıdır.
O bildirib ki, layihənin maliyyələşdirilə bilən səviyyəyə çatması üçün beynəlxalq maliyyə institutları, ixrac kredit agentlikləri və özəl investorlar arasında əməkdaşlıq vacibdir.
Desislava Radeva Türkiyədə həyata keçirilmiş layihələri nümunə göstərərək bildirib ki, bərpa olunan enerji və nəqliyyat sahəsində uğurlu maliyyələşdirmə modelləri digər ölkələr üçün də tətbiq oluna bilər.
Onun sözlərinə görə, 300 MVt gücündə günəş enerjisi layihəsinin və Ankara–İzmir dəmir yolu layihəsinin maliyyələşdirilməsi beynəlxalq tərəfdaşlığın effektiv nümunələrindəndir.
Azərbaycanla bağlı imkanlara toxunan Radeva bildirib ki, ölkənin enerji sektorunda topladığı təcrübə nəqliyyat, bərpa olunan enerji, infrastruktur və mədənçilik sahələrində yeni layihələrin həyata keçirilməsi üçün baza yaradır.
O qeyd edib ki, “Standard Chartered” son illərdə Mərkəzi Asiya və Qafqaz regionuna diqqətini artırıb və Azərbaycan bazarında əməkdaşlıq imkanlarını genişləndirmək niyyətindədir.
Kapital bazarlarının inkişafı əsas prioritetlərdən biridir
Bakı Fond Birjasının baş direktoru Ruslan Xəlilov isə Azərbaycan kapital bazarının inkişafı üçün fundamental bazanın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, region ölkələrinin əksəriyyətində olduğu kimi, Azərbaycanda da maliyyə sektorunda banklar əsas mövqedədir. Bu isə kapital bazarlarının inkişafı üçün əlavə çağırışlar yaradır.
Xəlilov bildirib ki, əsas məqsədlərdən biri həm investorların, həm də real sektor şirkətlərinin kapital bazarlarından daha aktiv istifadə etməsinə şərait yaratmaqdır.
O qeyd edib ki, Azərbaycanda son iki ildə keçirilən iki ilkin kütləvi təklif yerli kapital bazarı üçün mühüm addım olub, lakin bu proses daha geniş miqyasda davam etdirilməlidir.
Bakı Fond Birjasının rəhbəri vurğulayıb ki, birjanın əsas vəzifələrindən biri bazarın texnoloji və institusional infrastrukturunu inkişaf etdirmək, investorların etibar etdiyi şəffaf mühit yaratmaq və maliyyə savadlılığını artırmaqdır.
Ruslan Xəlilov London Fond Birjası ilə əməkdaşlığın əhəmiyyətinə də toxunaraq bildirib ki, texnologiya, təcrübə mübadiləsi və beynəlxalq əlaqələr Azərbaycan kapital bazarının inkişafına mühüm töhfə verə bilər.
Onun sözlərinə görə, gələcəkdə mümkün ikili listinq və beynəlxalq maliyyələşmə imkanları üçün yalnız birjalar arasında deyil, şirkətlər, investisiya institutları və müxtəlif sənaye sahələri arasında əməkdaşlıq gücləndirilməlidir.
Xəlilov bildirib ki, Azərbaycan şirkətləri hazırda xarici maliyyə imkanlarından istifadə etmək üçün beynəlxalq investisiya banklarına müraciət edir, lakin yerli kapital bazarının imkanlarından daha geniş istifadə edilməlidir.
“Kapital bazarlarına sadəcə alternativ maliyyələşmə mənbəyi kimi deyil, ənənəvi maliyyələşməni tamamlayan strateji imkan kimi baxmaq lazımdır”, – deyə o bildirib.







