Son dəqiqə

Mikayıl Cabbarov

Xammalı yalnız hasil etmək deyil, onu ölkə daxilində daha çox emal etmək əsas məqsəddir - Mikayıl Cabbarov

Bakı. TurkicWorld:

Əsas yanaşmamız xammalı yalnız hasil etmək deyil, onu ölkə daxilində daha çox emal etmək və daha yüksək əlavə dəyər yaratmaqdır.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının layihəsinə həsr olunmuş müşavirədə bildirib.

Nazirin sözlərinə görə, 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Mikayıl Cabbarov bildirib ki, 2027–2030-cu illərdə bu hədəflərin reallaşdırılması üçün ümumilikdə 5,3 milyard manat investisiya tələb olunur.

"Proqramın əsas məqsədləri sadədir: bu, daha çox xammal hasil etmək deyil, xammalı ölkə daxilində daha çox emal etmək və daha yüksək əlavə dəyər yaratmaqdır", - deyə M.Cabbarov qeyd edib.

O bildirib ki, Dövlət Proqramının əsas istiqamətləri mineral xammal bazasının genişləndirilməsi, mövcud istehsal güclərinin artırılması və yeni layihələrin həyata keçirilməsidir. Dəmir filizi, alüminium, mis və qızıl əsas istiqamətlər kimi müəyyənləşdirilib. Eyni zamanda, yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi nəzərdə tutulur.

Nazir qeyd edib ki, proqram çərçivəsində dövlətin tənzimləyici və dəstəkləyici rolu ilə yanaşı, dövlət müəssisələrinin və özəl sektorun investisiya imkanlarından istifadə olunacaq.

Onun sözlərinə görə, proqramın icrası nəticəsində filizdən son məhsuladək dəyər zəncirinin mümkün qədər ölkə daxilində formalaşdırılması hədəflənir. Bu proses kəşfiyyat və hasilatdan zənginləşdirmə, emal, yarımfabrikat və hazır məhsul istehsalına qədər uzanacaq.

İlk mərhələdə yerli xammal potensialının reallaşdırılması və mövcud yataqlar üzrə hasilatın artırılması planlaşdırılır. "Dəmirli", "Söyüdlü", "Filizçay", Naxçıvandakı yataqlar və digər perspektivli sahələr hesabına xammal bazasının genişləndirilməsi nəzərdə tutulur.

"Daşkəsən" dəmir filizi layihəsi çərçivəsində dəmir filizi mədəni, zənginləşdirmə və pelet istehsalı güclərinin, həmçinin isti briketlənmiş dəmir zavodunun yaradılması planlaşdırılır. Məqsəd istehsal olunan dəmirin ölkə daxilində metallurgiya müəssisələrində xammal kimi istifadəsi və bununla yerli sənaye zəncirinin formalaşdırılmasıdır.

Alüminium üzrə Elektroliz zavodunun illik istehsal gücünün 50 min tondan 100 min tona, yayma məhsullarının istehsalının isə 20 min tondan 50 min tona çatdırılması nəzərdə tutulur. Bundan əlavə, kalsinasiya və anod bişirmə zavodunun yaradılması, karbon anod bloklarının istehsalı planlaşdırılır.

M.Cabbarov bildirib ki, "Azəralüminium"un ixracının 2025-ci ildəki 252 milyon manatdan 2030-cu ildə 510 milyon manata çatdırılması gözlənilir.

Mis, qızıl və gümüş üzrə də hasilat və istehsalın artırılması planlaşdırılır. Bu istiqamətlər üzrə ümumi ixracın 2025-ci ildəki 600 milyon manatdan 2030-cu ildə 1,6 milyard manata çatdırılması proqnozlaşdırılır. Bu göstərici 2025-ci ilin orta dünya qiymətləri əsasında hesablanıb.

Nazir bildirib ki, Dövlət Proqramının 2027–2030-cu illər üzrə ümumi investisiya ehtiyacı 5,3 milyard manat qiymətləndirilir. Bunun 1,1 milyard manatının dövlət büdcəsi, 2,2 milyard manatının dövlət müəssisələrinin vəsaiti, o cümlədən kreditlər, 2 milyard manatının isə özəl vəsait, o cümlədən borc kapitalı hesabına formalaşması nəzərdə tutulur. Beləliklə, ümumi investisiyanın təxminən 80 faizinin qeyri-büdcə mənbələrindən cəlb edilməsi planlaşdırılır.

M.Cabbarov dağ-mədən və metallurgiya layihələrinin böyük kapital və uzunmüddətli maliyyələşmə tələb etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, belə layihələrdə qərarın qəbulundan istehsalın başlanmasına qədər müddət 5 il və daha çox ola bilər. Bu baxımdan 10 il və daha uzun müddətə kredit imkanlarının genişləndirilməsi, yerli bankların iri və uzunmüddətli layihələrin maliyyələşdirilməsində iştirakının artırılması vacibdir.

Nazir bildirib ki, bu məqsədlə Nazirlər Kabinetinin, Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Azərbaycan Mərkəzi Bankının, Dövlət Neft Fondunun və digər aidiyyəti qurumların iştirakı ilə uzunmüddətli maliyyələşmə üzrə siyasət tədbirlərinin hazırlanması və müvafiq mexanizmlərin müəyyənləşdirilməsi təklif olunur.

Dövlət Proqramı çərçivəsində hüquqi və institusional bazanın müasirləşdirilməsi, "Yerin təki haqqında" yeni qanun layihəsinin hazırlanması, beynəlxalq hesabatlılıq standartlarının tətbiqi və vahid elektron geoloji informasiya bazasının yaradılması da nəzərdə tutulur.

Bundan başqa, iri layihələrin cəlbi üçün vergi, gömrük və investisiya təşviqlərinin təkmilləşdirilməsi, sənaye və nəqliyyat infrastrukturuna dəstəyin genişləndirilməsi, elmi-tədqiqat və inkişafın, eləcə də təhsil-sənaye əməkdaşlığının dəstəklənməsi planlaşdırılır.

Nazirin sözlərinə görə, uzunmüddətli perspektivdə Azərbaycanın strateji minerallar üzrə regional emal mərkəzinə çevrilməsi imkanları da qiymətləndirilir. O bildirib ki, Bakı Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Azad İqtisadi Zonası və digər sənaye zonaları, həmçinin enerji və nəqliyyat imkanları bu istiqamətdə əlavə potensial yaradır.

M.Cabbarov qeyd edib ki, proqramın təsiri yalnız dağ-mədən və metallurgiya sektoru ilə məhdudlaşmayacaq. İstehsalın artması yükdaşımalar və logistika xidmətlərinə tələbi artıracaq, yerli podratçı və təchizatçı şirkətlər üçün yeni imkanlar yaradacaq, yeni sənaye sahələrinin formalaşmasına və regionlarda məşğulluğun artmasına şərait yaradacaq.

"Əsas yanaşmamız xammalı yalnız hasil etmək deyil, onu ölkə daxilində daha çox emal etmək və daha yüksək əlavə dəyər yaratmaqdır", - deyə nazir vurğulayıb.

Mövzuya görə xəbərlər