Son dəqiqə

AMB

Çin Azərbaycan iqtisadiyyatına investisiyalarını 14% artırıb

Bakı. TurkicWorld:

2026-cı ilin ilk 6 ayında Çinin Azərbaycana birbaşa xarici investisiyalarının həcmi 15,470 milyon ABŞ dolları təşkil edib.

TurkicWorld-un Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamaya görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,897 milyon ABŞ dolları və ya 14 faiz çoxdur.

Hesabat dövründə Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Çindən reallaşan investisiyaların payı 0,4 faiz təşkil edib.

2025-ci ilin ilk 6 ayında Çindən Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 13,573 milyon ABŞ dollarına bərabər olub.

Bu ilin ilk yarımilində Azərbaycanın Çinə birbaşa xarici investisiyalarına dair göstərici qeydə alınamyıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların ümumi həcmi 3,667 milyard ABŞ dollarından çox olub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 444,4 milyon ABŞ dolları və ya 13,8 faiz artım deməkdir.

Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi təxminən 5 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,651 milyard ABŞ dolları və ya 3,7 dəfə çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 2,223 milyard ABŞ dolları təşkil edib.

Trend-in Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 133,654 milyon ABŞ dolları və ya 6,4% çoxdur.

Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 9,01%-i həcmində olub. Bununla da Çin Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Çinə 57,654 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,398 milyon ABŞ dolları və ya təqribən 24,6% çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 2,164 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 122,257 milyon ABŞ dolları və ya 5,98% artım deməkdir. Bununla da Çin Azərbaycanın ən çox idxal əməliyyatları etdiyi ölkələr siyahısında ilk pillədə qərarlaşıb.

Çin şirkətlərinin Azərbaycandakı fəaliyyəti də son illərdə müxtəlif iqtisadi sahələri əhatə edir. 2025-ci il mayın 1-nə ölkədə 320-yə yaxın Çin şirkəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sektorlarında fəaliyyət göstərir.

Azərbaycan və Çin arasında əməkdaşlığın əsas istiqamətlərindən biri qeyri-neft sektoruna investisiyaların cəlb edilməsidir. Xüsusilə yüksək texnologiyalar və innovasiyalar, alternativ və bərpaolunan enerji, nəqliyyat, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları və ipəkçilik sahələrində birgə layihələrin həyata keçirilməsi üzrə əməkdaşlıq genişlənir.

Bu çərçivədə Çin şirkətlərinin Azərbaycandakı fəaliyyəti yalnız ticarət əlaqələri ilə məhdudlaşmır, həmçinin sənaye və "yaşıl" enerji daxil olmaqla müxtəlif sahələrdə investisiya və birgə layihələri də əhatə edir.

Mövzuya görə xəbərlər