Bakı. TurkicWorld:
Rəşad Həsənov Azərbaycanın maliyyə nazirinin müşaviri vəzifəsinə təyin olunub.
Bu barədə Rəşad Həsənov "LinkedIn" hesabında paylaşım edib.
O bildirib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb.
"Dövlət qulluğunda peşəkar fəaliyyətimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyində nazirin müşaviri kimi davam etdirərək dövlət maliyyəsinin idarə olunması sahəsində ölkədə aparılan genişmiqyaslı islahatlara töhfə verməyə davam edəcəyəm", - deyə Rəşad Həsənov qeyd edib.
Qeyd edək ki, Rəşad Həsənov makro-fiskal siyasət və dövlət maliyyəsinin idarə olunması sahəsində 15 ildən artıq təcrübəyə malikdir. O, BVF-də İcraçı direktorun müşaviri vəzifəsində çalışıb, həmçinin Azərbaycanı BVF və Dünya Bankı Qrupunun İcraçı Direktorlar Şuralarında təmsil edib.
Bundan əvvəl Azərbaycan Maliyyə Nazirliyində rəhbər vəzifələrdə çalışan Həsənov dövlət maliyyəsinin idarə olunması sahəsində bir sıra islahatların hazırlanması və həyata keçirilməsində iştirak edib.
Onun peşəkar fəaliyyətinin əsas istiqamətləri arasında makro-fiskal təhlil, fiskal siyasət, dövlət maliyyəsinin idarə olunması, inkişaf maliyyəsi, iqlim və dayanıqlı maliyyə, eləcə də institusional islahatlar yer alır.
Rəşad Həsənov "Harvard Kennedy School"da Dövlət İdarəçiliyi üzrə magistr dərəcəsi alıb.






