BAKI,TurkicWorld
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib. İclasda sahibkarlara, ixracatçılara və sərmayəçilərə dövlət qurumları tərəfindən göstərilən xidmətlərin müəyyən hissəsinin mərhələli şəkildə özəl sektor tərəfindən həyata keçirilməsini nəzərdə tutan yeni mexanizm müzakirə olunub.
TurkicWorld xəbər verir ki, iclasda Koordinasiya Qrupunda təmsil olunan dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Müzakirələr mikro, kiçik və orta sahibkarlıq subyektlərinə, ixracatçılara və sərmayəçilərə göstərilən xidmətlərin yeni qaydada təşkili imkanlarını əhatə edib.
Koordinasiya Qrupunun sədri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev sahibkarlığın inkişafının və işgüzar mühitin təkmilləşdirilməsinin ölkənin iqtisadi siyasətinin əsas istiqamətlərindən olduğunu bildirib. O, xidmətlərin təkmilləşdirilməsi, rəqəmsallaşdırılması və yenilikçi yanaşmaların tətbiqinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
İclasda yeni mexanizm üzrə təkliflər təqdim edilib, dövlət qurumlarının nümayəndələrinin mövqeləri dinlənilib və qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Mexanizmin aidiyyəti qurumların iştirakı ilə hazırlanmasının yekun sənədin daha əhatəli olmasına imkan yaradacağı bildirilib.
Yeni yanaşmaya əsasən, sahibkarlıq sahəsində dövlət siyasətinin müəyyənləşdirilməsi və xidmətlərin nəticələrinə nəzarət dövlətin səlahiyyətində qalacaq. Bununla yanaşı, sahibkarlara göstərilən xidmətlər üzrə əməliyyat, texniki və təşkilati vəzifələrin mərhələli şəkildə özəl sektora ötürülməsi nəzərdə tutulur.
Mexanizm hazırlanarkən xidmətlərin fasiləsizliyi və keyfiyyəti, əhali üçün əlçatanlığı, məlumatların təhlükəsizliyi və məxfiliyi, həmçinin maraqlar toqquşmasının qarşısının alınması xüsusi diqqətdə saxlanılacaq.
Yeni mexanizmin hazırlanması Azərbaycan Prezidentinin 24 fevral 2026-cı il tarixli fərmanında nəzərdə tutulub. KOBİA yanında Koordinasiya Qrupu isə Nazirlər Kabinetinin 13 yanvar 2024-cü il tarixli qərarı ilə yaradılıb və burada 30-a yaxın dövlət qurumunun nümayəndəsi təmsil olunur.







