Son dəqiqə

Mərkəzi Bank

Azərbaycan banklarının kredit portfeli artıb

BAKI,TurkicWorld

Azərbaycanın bank sektorunun kredit portfeli artıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletenə əsasən, cari ilin 30 iyun tarixinə Azərbaycanın bank sektorunun kredit portfeli 3 faiz və ya 935,5 milyon manat artaraq 31,821 milyard manata çatıb.

Bankın məlumatına görə, kredit portfelinin strukturu aşağıdakı kimidir: biznes kreditləri – 54 faiz (17,179 milyard manat), istehlak kreditləri – 31,2 faiz (9,917 milyard manat), ipoteka kreditləri – 14,8 faiz (4,724 milyard manat).

"Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 74.6%-i və ya 39,743.7 mln. manat. Depozit portfelinin 56.1%-i (22,315.2 mln. manat) hüquqi şəxslərin, 43.9%-i (17,428.5 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir", - deyə AMB məlumatında qeyd olunur.

Qeyd edək ki, 2026-cı il oktyabrın 1-dən etibarən Azərbaycanda Mərkəzi Bankın təsdiqlədiyi yeni qaydalar qüvvəyə minəcək. Həmin qaydalara əsasən, vətəndaşlar istehlak kreditlərinin məsafədən rəsmiləşdirilməsinə və kredit limitinin artırılmasına könüllü şəkildə özünəməhdudiyyət tətbiq edə biləcəklər.

AMB-nin Bazar Davranışının Tənzimlənməsi Departamentinin direktoru Tamerlan Əliyev daha əvvəl Trend-ə müsahibəsində bildirib ki, qəbul edilən dəyişikliklərin əsas məqsədi məsafədən kreditləşmə zamanı istehlakçıların hüquq və təhlükəsizliyinin daha etibarlı qorunmasını təmin etmək, risklərin daha məsuliyyətli idarə olunmasına nail olmaq və bu sahədə əlavə qabaqlayıcı müdafiə mexanizmləri yaratmaqdır.

AMB rəsmisi dəyişikliklərlə əlaqədar istehlakçılar üçün yaradılan yeni imkanlardan da danışıb:

"Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"na və "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası"na edilən dəyişikliklərə əsasən, vətəndaşlara öz adına məsafədən istehlak krediti rəsmiləşdirilməsinə və ya kredit limitinin artırılmasına könüllü qadağa tətbiq etmək imkanı yaradılacaq. Vətəndaşlar özünəqadağanı istənilən bir və ya bir neçə kredit təşkilatına (banka və ya bank olmayan kredit təşkilatına), istərsə də ölkə üzrə bütün kredit təşkilatlarına tətbiq edə biləcəklər. Bu da, öz növbəsində, şəxsi məlumatlardan qanunsuz istifadə nəticəsində yarana biləcək riskləri əhəmiyyətli dərəcədə azaltmağa töhfə verəcək".

O vurğulayıb ki, yeni qaydalar yalnız məsafədən bağlanılan istehlak kreditlərinə, eləcə də mövcud istehlak kreditləri üzrə kredit limitlərinin məsafədən artırılmasına şamil edilir:

"Həmin qaydalar vətəndaşın kredit təşkilatına fiziki şəkildə müraciət etməsi yolu ilə rəsmiləşdirilən kreditlərə münasibətdə şamil edilmir. Yəni məsafədən verilən istehlak kreditlərinə özünəqadağanı tətbiq etmiş vətəndaşlar həmin qadağanı aradan qaldırmadan kredit təşkilatlarına yaxınlaşaraq istehlak kreditlərindən faydalana biləcəklər",-deyə o qeyd edib.

Mövzuya görə xəbərlər