BAKI,TurkicWorld
Bakı ilə İrəvan arasında iqtisadi əməkdaşlığın genişlənməsi Cənubi Qafqaz regionunda geosiyasi riskləri azaldır.
Bu barədə "Moody’s" beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.
"Hazırda regionda geosiyasi dinamika daha əlverişli xarakter alıb. Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın genişlənməsi, regional nəqliyyat dəhlizləri üzrə əldə olunan irəliləyiş və sülh prosesinə davam edən beynəlxalq dəstək, formal şəkildə ratifikasiya olunmuş sülh sazişinin hələ də mövcud olmamasına baxmayaraq, regionun əlaqəliliyini tədricən yaxşılaşdırır və geosiyasi riskləri azaldır", - deyə hesabatda bildirilir.
"Moody’s" həmçinin qeyd edir ki, Azərbaycanın fiskal dayanıqlılığı qeyri-neft büdcəsinin orta müddətli konsolidasiyası istiqamətində hökumətin sadiqliyini əks etdirir.
"Qeyri-neft üzrə ilkin büdcə kəsirinin azalması qeyri-neft gəlirlərinin artması və və münaqişədən zərər çəkmiş ərazilərin bərpasına yönələn xərclərin azalması fonunda dövlət xərclərinin daha mülayim templə çoxalması hesabına təmin olunur.Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) tərəfindən idarə olunan əhəmiyyətli fiskal buferlər artmaqda davam edir və 2025-ci ildə ÜDM-in 97 faizi səviyyəsinə çatıb. Bu göstərici müqayisə edilə bilən reytinqə malik suveren borcalanlar arasında ÜDM-ə nisbətdə ən yüksək göstəricilərdən biri olaraq qalır", - deyə agentlik vurğulayır.
"Moody’s"in qiymətləndirməsinə görə, 2026-cı ildə neft qiymətlərinin daha yüksək olması karbohidrogen sektorundan əlavə gəlirlərin əldə edilməsini və SOFAZ-ın aktivlərinin daha da artmasını təmin edəcək.
"2026-cı ildə neft qiymətlərinin yüksəlməsi nəticəsində karbohidrogen gəlirlərinin artacağını və SOFAZ-ın aktivlərinin daha da çoxalacağını gözləyirik. Bu isə hökumətin xarici şokları qarşılamaq imkanlarını gücləndirəcək və əhəmiyyətli fiskal çevikliyi qoruyub saxlayacaq", - deyə məlumatda bildirilir.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar–iyun aylarında Azərbaycan Ermənistana 17,129 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Bundan əlavə, Azərbaycan ərazisi vasitəsilə Rusiyadan Ermənistana 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium və 414 ton antrasit daşınıb.






