BAKI,TurkicWorld
Azərbaycanın qeyri-neft sektoru investisiya cəlbediciliyinin əsas drayverinə çevrilib.
TurkicWorld-un tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il İllik Toplantılarının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Nazir bildirib ki, illik toplantılar çərçivəsində “Azerbaijan Investment Outlook” sessiyası təşkil olunub və burada Azərbaycanın iqtisadi və investisiya imkanları beynəlxalq iştirakçılara təqdim edilib. Onun sözlərinə görə, bu təqdimatlar ölkənin milli iqtisadi prioritet sənədlərində əks olunan strateji istiqamətlərə əsaslanır.
Mikayıl Cabbarov çıxışında qeyd edib ki, Azərbaycanın əsas diqqəti qeyri-neft və qaz iqtisadiyyatının inkişafına yönəlib və bu sektor son 5–6 ildə ölkədə iqtisadi artımın əsas drayverinə çevrilib.
Nazirin sözlərinə görə, investisiya imkanları aşağıdakı əsas sahələri əhatə edir: qeyri-neft sənayesi istehsalı, mədənçilik və kritik minerallar, kənd təsərrüfatı və aqroemal, həmçinin nəqliyyat və logistika. O, Azərbaycanın əlverişli coğrafi mövqeyinə diqqət çəkərək bu sahənin strateji əhəmiyyət daşıdığını vurğulayıb və nəqliyyat infrastrukturunun genişləndirilməsi istiqamətində dövlətin ardıcıl siyasət yürütdüyünü qeyd edib.
Eyni zamanda, nazir turizm sektorunun da investisiya cəlbediciliyində mühüm yer tutduğunu bildirib. Onun sözlərinə görə, tədbir həm də Azərbaycanın turizm potensialının beynəlxalq səviyyədə nümayişi baxımından əhəmiyyətli olub.
Mikayıl Cabbarov əlavə edib ki, bərpa olunan enerji, maliyyə xidmətləri və rəqəmsallaşma iqtisadiyyat üzrə “çarpaz” inkişaf istiqamətləri kimi ön plana çıxır.
Nazir Azərbaycanın investisiya mühitinin əsas üstünlüklərini də sadalayıb: "Azərbaycanın siyasi və makroiqtisadi sabitliyi, regiondakı strateji coğrafi mövqeyi, aşağı dövlət borcu, yüksək və dayanıqlı valyuta ehtiyatları, eləcə də beynəlxalq reytinq agentlikləri tərəfindən müsbət qiymətləndirilməsi investisiya cəlbediciliyini artıran əsas amillərdəndir. Bütün bu məlumatlar beynəlxalq investorlar, maliyyə institutları və iştirakçılarla bölüşülüb. Xüsusilə Azərbaycan özəl sektoru bu imkanların təqdim olunmasında fəal rol oynayırlar".







