İstanbulda Türkiyənin ən böyük qarışıq ticarət sərgisi olan MÜSİAD EXPO keçirilib

İstanbulda Türkiyənin ən böyük qarışıq ticarət sərgisi olan MÜSİAD EXPO keçirilib

Bakı. TurkicWorld:

Noyabr ayının 2-5-də İstanbulda Türkiyənin və regionun ən böyük qarışıq ticarət sərgisi olan MÜSİAD EXPO keçirilib. TurkicWorld-a verilən məlumata görə, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) tərəfindən iki ildən bir təşkil edilən MÜSİAD EXPO sərgisi Türkiyənin müdafiə sənayesinin güclü şirkətləri və 124 ölkədən 100 min sənayeçi, investor və sahibkarı İstanbulda bir araya gətirib.

Tüm Fuarcılık Yapım A.Ş. (TÜYAP) İstanbul Sərgi və Konqres Mərkəzində keçirilən tədbirdə Türkiyənin müdafiə sənayesinin aparıcı şirkətləri iştirak ediblər.

Əsasən Baykar Teknoloji tərəfindən hazırlanan Bayraktar TB2 və BMC tərəfindən hazırlanan Amazon zirehli personal daşıyıcısı sərgiyə gələn ziyarətçilərin diqqətini cəlb edib.

Sərgi zamanı bildirilib ki, Türk mühəndislər pilotsuz uçan aparat texnologiyasını daha da inkişaf etdirərək, pilotsuz döyüş təyyarəsi layihəsi üzərində çalışmağa davam edirlər.

Bununla yanaşı, Türkiyə müdafiə sənayesi quru qoşunları üçün də böyük inkişaf nümayiş etdirir. BMC tərəfindən hazırlanan Amazon zirehli transportyoru MÜSİAD EXPO ziyarətçilərinin diqqət mərkəzində olub.

Qeyd edək ki, BMC Amazon münaqişə zonalarında yüksək mühafizə təmin etməklə quru qoşunlarına böyük üstünlük verir. Eyni zamanda Amazon bir çox nöqtələrdə taktiki sürət, manevr və zireh təhlükəsizliyi ilə yüksək səviyyəli təcrübə təqdim edir.

Bayraktar TB2 və BMC Amazon türk ordularının əməliyyat bölgələrində uğurlu missiyalarını davam etdirir.