Bakı. TurkicWorld:
Azərbaycan manatının sabit qalması yüksək valyuta ehtiyatları və Mərkəzi Bankın ölçülmüş siyasəti hesabına təmin olunur.
TurkicWorld bu barədə ticarət kreditlərinin sığortalanması sahəsində dünya lideri olan "Allianz Trade" şirkətinə istinadən xəbər verir.
"Allianz" analitikləri 2025-ci ildə Azərbaycanın iqtisadi artımının yavaşladığını vurğulayırlar:
"ÜDM 2024-cü ildəki 4,1 faizlə müqayisədə təxminən 1,6 faiz artıb. Bununla belə, təbii qaz ixracının genişlənməsi və qeyri-neft sektorlarının inkişafı hesabına 2026-cı ildə artımın 2,6 faizə qədər bərpa olunacağı gözlənilir. 2025-ci ildə inflyasiya ərzaq məhsulları və xidmətlərin qiymətlərinin təsiri ilə 5,6 faiz təşkil etsə də, Mərkəzi Bankın hədəf diapazonu çərçivəsində qalır".
"Həcmli ehtiyatlar sayəsində manat sabit olaraq qalır. Bununla belə, xarici risklər hələ də mövcuddur: qlobal enerji qiymətlərinin volatilliyi, ticarətdə pozuntular və regional geosiyasi gərginlik bərpanı ləngidə bilər. 2026–2027-ci illər üzrə proqnoz iqtisadiyyatın şaxələndirilməsi tempindən, qeyri-neft sektorlarının dayanıqlılığından və qlobal əmtəə bazarlarının sabitliyindən asılıdır", – hesabatda qeyd olunur.
Şirkətdən bildirirlər ki, Azərbaycanda biznes mühiti dövlət müəssisələrinin idarə edilməsində islahatlar, benefisiar mülkiyyətin şəffaflığı və rəqəmsallaşma sayəsində tədricən yaxşılaşır.
"Bərpa olunan enerji və infrastruktur sahəsində əhəmiyyətli irəliləyiş əldə olunub: bir neçə külək və günəş enerjisi layihəsi istismara verilib, enerji şəbəkələrinin modernləşdirilməsi aparılır. "Yaşıl enerji", regional əlaqəlilik və insan kapitalının inkişafına diqqətin davam etdirilməsi uzunmüddətli rəqabət qabiliyyəti üçün həlledici əhəmiyyət daşıyır",-deyə hesabatda vurğulanır.
"2026-cı ildə neft gəlirlərinin azalması və sosial xərclərin artması fonunda fiskal profisitin ÜDM-in təxminən 2 faizinədək enəcəyi gözlənilir. Bank sektoru sabitdir: kreditləşmənin artımı biznes fəallığını dəstəkləyir, hərçənd maliyyələşmə xərclərinin yüksəlməsi rentabelliyə təzyiq göstərir. Xarici borc aşağı səviyyədədir (ÜDM-in 10 faizindən az), suveren risk məhduddur, lakin büdcə və ixracın karbohidrogenlərdən asılılığı struktur zəiflik olaraq qalır", - "Allianz"dan bildirilib.




