BAKI, TurkicWorld
Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Türkiyə Respublikasında müstəqil auditin dövlət tənzimlənməsini həyata keçirən İctimai Nəzarət, Mühasibat və Audit Standartları Təşkilatı arasında işgüzar görüş keçirilib.
TurkicWorld Azərbaycan Respublikasının Auditorlar Palatasına istinadən xəbər verir ki, görüşün əsas məqsədi audit və mühasibatlıq sahəsində institusional tərəfdaşlıq mexanizmlərinin yaradılması, auditin tənzimlənməsi və keyfiyyətinin yüksəldilməsi, maliyyə hesabatlarında şəffaflıq və etibarlılığın artırılması istiqamətində əməkdaşlıq imkanlarının müzakirəsi olub. Tərəflər auditorların birgə sertifikasiyası, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə, habelə haqsız rəqabətə qarşı mübarizə sahələrində birgə fəaliyyət perspektivlərini də nəzərdən keçiriblər.
Auditorlar Palatasının sədri, professor Vahid Novruzov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar ölkədə sağlam biznes mühitinin formalaşdırılmasına, investisiya cəlbediciliyinin artırılmasına və dövlət maliyyə idarəetməsində şəffaflığın gücləndirilməsinə xidmət edir. Onun sözlərinə görə, beynəlxalq audit təcrübələrinin öyrənilməsi və milli mühitə uyğun tətbiqi auditorlar qarşısında duran əsas vəzifələrdəndir.
Vahid Novruzov vurğulayıb ki, Türkiyənin auditin tənzimlənməsi və beynəlxalq standartların tətbiqi sahəsində topladığı zəngin təcrübənin Azərbaycanda tətbiqi institusional inkişafla tam uzlaşır. Eyni zamanda, Azərbaycanın da audit və maliyyə nəzarəti sahəsində əldə etdiyi nəticələri qardaş ölkə ilə bölüşməyə hazır olduğu qeyd edilib.
Türkiyənin İctimai Nəzarət, Mühasibat və Audit Standartları Təşkilatının sədri Hasan Özçelik çıxışında iki ölkənin audit qurumları arasında əməkdaşlığın audit keyfiyyətinin yüksəldilməsi və tənzimləyici təcrübələrin qarşılıqlı ötürülməsi baxımından strateji əhəmiyyət daşıdığını bildirib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə audit institutunun maliyyə intizamının möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib və türkdilli ölkələr arasında institusional inteqrasiyanın vacibliyini vurğulayıb.
Görüş çərçivəsində tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum audit və mühasibatlıq sahəsində qarşılıqlı əməkdaşlığın hüquqi və institusional əsaslarının formalaşdırılmasını, məlumat və təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdə tutur.
Tədbirdə Türkdilli Dövlətlərin Audit və Mühasibatlıq Qurumlarının Vahid Birliyinin yaradılması təşəbbüsü də müzakirə olunub. Qeyd edilib ki, bu platforma ortaq standartların yaxınlaşdırılması, auditorların qarşılıqlı tanınması və sertifikatlaşdırma sistemlərinin uyğunlaşdırılması baxımından mühüm rol oynaya bilər.