Bakı, TurkicWorld
Bakı şəhəri Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində dövlət mülkiyyətinə aid bəzi torpaq sahələri bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, qoyuluş gücü 70 MVt olan külək elektrik stansiyasının tikintisi məqsədilə Bakı şəhəri Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 7,6154 hektar və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 1,1716 hektar olmaqla, ümumilikdə 8,7870 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
Energetika Nazirliyi müəyyən edilmiş bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri "Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası"nın tələblərinə uyğun həyata keçirməlidir.
Bu Qərar qüvvəyə mindiyi tarixdən (27.11.2026) elektrik enerjisinin istehsalı məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 8,7870 hektar torpaq sahəsində külək elektrik stansiyasının tikintisinə icazə "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yuxarıdakı abzasa uyğun olaraq, tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən 3 (üç) gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Məlumat üçün bildirək ki, torpaq sahəsinin (su obyektinin) bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi barədə qərarda torpaq sahəsinin (su obyektinin) elektrik enerjisinin istehsalı məqsədilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq elektrik stansiyasının tikintisinə icazə alınması üçün 2 ildən artıq olmayan müddət müəyyən olunur. Müəyyən edilmiş müddət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əsaslandırılmış müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 1 ildən çox olmamaqla uzadıla bilər.