BAKI, TurkicWorld, Orxan Qədirzadə
Azərbaycanla Türkiyə arasında iqtisadi-ticari münasibətlər ölkələrimizin liderləri arasında yüksəksəviyyəli qarşılıqlı əlaqəni tam əks etdirməlidir. İki qardaş dövlət arasında ticarət dövriyyəsini ildə 15 milyard dollara çatdırmaq üçün əlimizdən gələni edirik.
TurkicWorld AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyn Böyükfırat bildirib.
TÜİB rəhbəri dekabrın 22-23-də Bakıda keçiriləcək II Azərbaycan-Türkiyə İnvestisiya Forumunun keçirilməsi təşəbbüsünü dəstəklədiyinə görə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarova və Türkiyənin ticarət naziri Ömər Bolata minnətdarlığını bildirib.
H.Böyükfırat 2023-cü ilin dekabrında keçirilən və 600-dən çox sahibkarı bir araya gətirən I Azərbaycan-Türkiyə İnvestisiya Forumunun uğurla keçirilməsini xatırladıb.
TÜİB İdarə Heyətinin sədri Türkiyə ilə Azərbaycan arasında ticarət statistikasına diqqət çəkərək, bu ilin ilk üç rübündə ticarət dövriyyəsinin 7 milyard dolları keçdiyini qeyd edib. “Bu göstəricini artırmaq üçün bütün əsas türk şirkətlərinin, investorlarının və holdinqlərinin diqqətini Azərbaycana cəlb etmək vacibdir”, - deyə o bildirib.
Azərbaycanı “regionun parlaq ulduzu” və “Orta Dəhlizin ən vacib halqası” adlandıran H.Büyükfırat bildirib ki, dəhlizin əhəmiyyəti regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üzrə səylərin fonunda artmaqdadır.
Onun sözlərinə görə, TÜİB Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birlikdə Türkiyədən və digər ölkələrdən respublikaya mümkün qədər çox investor cəlb etməyə çalışır.
II Azərbaycan-Türkiyə İnvestisiya Forumunun mövzusuna qayıdan H.Büyükfırat Azərbaycanın işğaldan azad edilmiş ərazilərində istehsal imkanlarının genişləndirilməsinə dair təşəbbüslərin planlaşdırılan müzakirəsindən danışıb. Qeyd edib ki, bu da minlərlə yeni iş yeri yaratmağa imkan verəcək.







