Dünya Bankı Azərbaycanla yeni tərəfdaşlıq strategiyası hazırlayacaq - Sara Maykl

Dünya Bankı Azərbaycanla yeni tərəfdaşlıq strategiyası hazırlayacaq - Sara Maykl

Dünya Bankı Azərbaycanla yeni tərəfdaşlıq strategiyasının hazırlanması prosesinə başlamağa hazırlaşır.

Bunu Trend-ə özəl müsahibəsində Dünya Bankının (DB) Azərbaycan üzrə regional meneceri Sara Maykl deyib.

"Hazırda strategiyamız var, lakin bu gün dünya 5-6 il əvvəlkindən, xüsusən də COVID-19 pandemiyasından sonra çox fərqli görünür. İndi biz yeni strategiyamızın hazırlanması prosesinə başlayırıq. Bu proses bir neçə mərhələni əhatə edir. Biz Azərbaycanın gələcək artımı və inkişafı imkanlarını təhlil etməyə çalışır, digər tərəfdaşların hökumətlə nələr üzərində işlədiyinə diqqət yetiririk, hökumətin prioritetlərini nəzərə alırıq. Strategiyamızı hazırlayarkən Azərbaycanın 2030-cu ilə qədər olan dövr üçün yeni baxışı ilə tanış olmaq imkanımız var. Biz hazırlanan hökumət strategiyasını, sosial-iqtisadi inkişafa dair yeni milli strategiyanı əsas götürəcəyik, ölkənin elan etdiyi beş milli prioritet əsasında yeni strategiyamızı hazırlayacağıq. Yeni strategiyada məhz nələrin olacağını hələ dəqiq deyə bilmərəm, lakin biz onun əsasən 2030-cu ilə qədər olan dövr üçün baxışın ətrafında qurulacağını düşünürük", - deyə DB-nin regional meneceri bildirib.

Sara Maykl qeyd edib ki, Dünya Bankı yaşıl enerjiyə keçidi, iqtisadiyyatın şaxələndirilməsini və digər hökumət prioritetlərini, o cümlədən özəl sektora, kiçik və orta müəssisələrə, sahibkarlığa, iş yerlərinin yaradılmasına, insan kapitalına dəstək və ölkənin müasir, innovativ işçi qüvvəsinin təmin edilməsi, ətraf mühitin mühafizəsi, "yaşıl" artımın imkanları və hökumətin prioritetlərinə uyğun olan digər layihələri dəstəkləyəcək.

"Bir sözlə, bu, bizim üçün dinamik bir il olacaq, çünki biz təkcə hökumət tərəfdaşları ilə deyil, həm də əhalinin Dünya Bankının diqqətini nəyə yönəltməsini istədikləri barədə daha çox öyrənmək üçün onlarla əlaqədə oluruq", - deyə S.Maykl əlavə edib.

Yaxşı işləyən elektrik enerjisi bazarının yaradılması layihəsi

Sara Maykl qeyd edib ki, Dünya Bankı Azərbaycanla uzun illərdir, xüsusilə enerji sektorunda əməkdaşlıq etməkdən qürur duyur.

"Hazırda enerji bazarının qlobal inkişafı sahəsində böyük dinamika müşahidə edilir. Biz ev təsərrüfatları, məktəblər, müəssisələr də daxil olmaqla elektrik enerjisi istehlakçıları üçün ən yaxşı çıxışı təşkil etmək məqsədilə ölkənin elektrik enerjisi bazarının səmərəliliyini və fəaliyyətliyini maksimuma çatdırmaq, maksimum etibarlılığı, rentabelliyi təmin etmək yollarını nəzərdən keçirmək üçün hökumətlə işləyirik. Beləliklə, biz müxtəlif enerji sektoru bazarları kontekstində əldə edilən qlobal təcrübədən və dərslərdən istifadə edərək Azərbaycana elektrik enerjisi bazarını daha da inkişaf etdirməyə kömək etməyə, bu prosesdə özəl sektorun daha geniş iştirakını təmin etmək variantlarını və gələcəkdə səmərəli və həyat qabiliyyətli elektrik enerjisi bazarının qurulması məsələsini nəzərdən keçirməyə çalışırıq", - deyə S.Maykl bildirib.

Regional menecer qeyd edib ki, Dünya Bankı Azərbaycan hökumətinin bərpa olunan enerji sektorunun inkişafına möhkəm sadiqliyini yüksək qiymətləndirir.

"Neft və qaz sahəsində bu qədər zəngin tarixə və neft sektorunda innovasiyalara malik olan bir ölkənin bərpa olunan enerjinin inkişafı üzrə dünya lideri olmağa belə qətiyyətlə bağlı olması diqqətəlayiqdir. Biz dəniz külək enerjisi potensialında imkanları araşdırmaq üçün Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) vasitəsilə Azərbaycan hökuməti ilə işləməkdən məmnunuq. Bu iş quruda külək və günəş enerjisi potensialı da daxil olmaqla hökumətin bir çox digər bərpa olunan enerji təşəbbüslərini daha geniş şəkildə tamamlayır", - deyə regional menecer bildirib.

S.Maykl əlavə edib ki, dəniz külək enerjisi sahəsində Dünya Bankı Azərbaycana hökumət üçün maraqlı ola biləcək müxtəlif imkanları, investisiyaları, perspektivləri qiymətləndirməkdə və bu imkanlardan istifadə etməyə kömək etməyə çalışır.

"Düşünürük ki, bu, Azərbaycanda enerji istehlakına birbaşa təsirdən əlavə, həm də gələcəkdə ölkə təmiz bərpa olunan enerji ixracatçısı olmaq üçün böyük potensiala malik olacaq", - deyə S.Maykl bildirib.

Salyan-Biləsuvar nəqəliyyat dəhlizi boyu bazarın əlçatanlığının yaxşılaşdırılması layihəsi

"Bu il biz Azərbaycanla tərəfdaşlığın 30 illiyini qeyd etməyə hazırlaşırıq. Dünya Bankı ölkənin nəqliyyat sektorunun inkişafında iştirakından qürur duyur. Salyan-Biləsuvar nəqliyyat dəhlizi boyunca bazarın əlçatanlığının yaxşılaşdırılması layihəsinə yolun keyfiyyətini və hərəkət təhlükəsizliyini artırmaq üçün bir sıra ənənəvi elementlər daxildir. Burada həmçinin yol sistemlərinin səmərəli idarə edilməsinin, yolların texniki baxımının və yolların işlək vəziyyətdə saxlanılmasının təmin edilməsi üsulları nəzərdən keçirilir. Bundan əlavə, layihəyə iqtisadi inkişaf potensialını açan innovativ komponent daxildir", - deyə S.Maykl bildirib.

O qeyd edib ki, layihənin məqsədi yerli sahibkarlar üçün yol kənarında obyektlər yaratmaq və sahibkarları yol bərpa edildikdən sonra, Dünya Bankının gözlədiyi kimi, artan trafik həcmindən necə istifadə etmək barədə maarifləndirməkdir.

"Bu layihə ötən il təqdim olunub və artıq istifadəyə verilməyə hazırdır. İndi qış fəsli olması üstünlükdür. Çoxlu hazırlıq işləri gedir, tikinti şirkətlərinin seçimi tamamlanır. Yayda havalar yaxşılaşdıqdan sonra yol işlərinə başlamaq mümkün olacaq. Yol boyu iqtisadi inkişafı dəstəkləyən komponentin layihələndirilməsinə və həyata keçirilməsinə kömək edə biləcək mütəxəssislər də var. Ümid edirəm ki, bu yaya qədər biz fiziki işlərin davam etdirilməsini təmin edə biləcəyik və ərazidəki yerli sahibkarların uzunmüddətli perspektivdə onlara kömək edəcək yeni yol və obyektlərdən və təlimlərdən bəhrələnmək şansı olacaq. Xüsusilə, regionun kənd təsərrüfatı istehsalçıları, eləcə də sənətkarlar üçün potensial yeni müştərilər və bu yol ilə bağlı olacaq yeni bazarlardan yararlanmaq üçün əhəmiyyətli potensial var", - deyə SşMaykl bildirib.

Maliyyələşdirmənin prioritet sahələri

"Biz hər zaman hökumətin müraciətlərinə cavab verməyə hazırıq. Hazırda biz yeni tərəfdaşlıq strategiyamızın hazırlanması prosesindəyik. Bu prosesin bir hissəsi hökumətin diqqətimizi hansı sektorlara yönəltməyimizi istədiyini öyrənmək olacaq", - deyə regional menecer bildirib.

S.Maykl qeyd edib ki, Azərbaycanın hər biri özünəməxsus bir şey təklif edən bir çox inkişaf üzrə agentliklər ilə güclü tərəfdaşlıq əlaqələri var.

"Dünya Bankı qlobal innovasiya və təcrübəyə əsaslanan layihələr, inkişafın müxtəlif aspektlərini birləşdirən çoxsahəli layihələr təklif edə bilər. Biz həmçinin rəqəmsal cəhətdən irəliləmiş yeni yanaşmalara, ağıllı texnologiyalara, eləcə də "yaşıl" artıma çox diqqət ayırırıq. Biz insan kapitalının inkişafına öhdəliyimizi bir daha vurğulayırıq. Xüsusilə, hökumətin prioritetləri fonunda iqtisadiyyatın şaxələndirilməsi, iş yerləri, məşğulluq, təhsil, səhiyyə ilə bağlı məsələlər iştirak etməkdən çox məmnun olarıq", - deyə S.Maykl bildirib.