Bakı, TurkicWorld
Qarabağ və Şərqi Zəngəzurda iqtisadi infrastrukturun inkişafı 2025-ci və sonrakı illərdə əsas prioritetlərdən biri olacaq.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Elnur Əliyev "Dayaq" mükafatının bir sıra sahibkarlara təqdim edilməsi mərasimində bildirib.
"2025-ci ildə və sonrakı dövrlərdə qarşımızda duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda iqtisadi infrastrukturun bərpası və inkişafıdır. Bu sahədə sahibkarlarımız aktivlik göstərirlər. Dövlət isə bu məqsədə nail olmaq üçün zəruri dəstəyi təmin edir və edəcək. İnvestorlar artıq 'Araz Vadisi İqtisadi Zonası' sənaye parkı və Ağdam Sənaye Parkının imkanlarından istifadə edirlər. Keçən ilin əvvəlindən azad edilmiş ərazilər üçün geniş vergi və əmək güzəştləri, stimullar paketi təsdiqlənib. Bu tədbirlər azad edilmiş ərazilərə investisiyaların cəlb edilməsinə, sahibkarlığın inkişafına və biznesin çiçəklənməsinə şərait yaradır", – deyə E.Əliyev bildirib.
Nazir müavininin sözlərinə görə, hazırda sahibkarlığın və dövlət-özəl sektor əməkdaşlığının əhəmiyyəti daha da artıb.
"Bu kontekstdə sahibkarlar iqtisadi inkişafda daha fəal iştirak etməli, bizneslərini inkişaf etdirməli və ölkənin dayanıqlı tərəqqisinə daha böyük töhfə verməlidirlər", – deyə E.Əliyev əlavə edib.