Bakı, TurkicWorld
Bir çox ölkə İkiillik Şəffaflıq Hesabatlarının (BTR) hazırlanması və təqdim edilməsində çətinliklərlə üzləşir.
TurkicWorld xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev "Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası"nda deyib.
"Məhz buna görə də COP29 prezidentliyi Bakı Qlobal İqlim Şəffaflığı Platformasını istifadəyə verdi. Bu platforma inkişaf etməkdə olan ölkələrə hesabatlarının hazırlanmasında dəstək göstərir və məqsədyönlü potensial artımını təmin edir. O, mövcud şəffaflıq platformaları ilə əməkdaşlıq edir ki, fəaliyyətlərimizin uyğunluğunu təmin etsin və birgə səylərimizin səmərəliliyini artırsın.
Bundan əlavə, platforma cəmiyyətin bütün sektorlarından maraqlı tərəfləri əməkdaşlığa cəlb edir. Bakı Şəffaflıq Platforması inkişaf etdirilmiş şəffaflıq sistemində universal iştirakın təşviqinə çalışır", - deyə M.Babayev vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.