Son dəqiqə

Kubanıçbek Ömüraliyev COP29 Türk Dövlətləri Təşkilatı (TDT)

COP for Hope: Azərbaycanın COP29-a ev sahibliyi etməsi Türk Dünyası üçün qürur mənbəyidir - TDT-nin Baş katibi

Bakı, TurkicWorld

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevdir.

O, TurkicWorld -ə açıqlamasında bildirib ki, Azərbaycanın COP29 kimi bir konfransa ev sahibliyi etməsi Türk Dünyası üçün qürur mənbəyidir.

O qeyd edib ki, COP29 dünya və bütün Türk dünyası üçün əhəmiyyətli bir konfransdır.

"Hazırda həm dünya, həm də türk dövlətlərinin liderləri Azərbaycanda toplaşıb.

TDT görüşlərində yaşıl enerji ilə bağlı iki önəmli sənəd imzalandı. Biri Türk Yaşıl Vizyonu, digəri isə Yaşıl Şura yaradılması isə bağlı qərar idi",- deyə o əlavə edib.

Baş katib həmçinin vurğulayıb ki, COP29 çərçivəsində TDT ekologiya və kənd təsərrüfatı nazirlərinin iclası baş tutacaq.

COP29-un təşkilindən bəhs edən K.Ömuraliyev qeyd edib ki, ev sahibi Azərbaycan konfransın təşkilini ən yüksək səviyyədə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Mövzuya görə xəbərlər