Bakı. TurkicWorld
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə startaplar, mikro və kiçik sahibkarlıq subyektləri üçün kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklərə həsr edilmiş onlayn görüş keçirilib.
Dövlət Vergi Xidmətindən TurkicWorld-a bildirilib ki, görüşdə DVX və KOBİA-nın nümayəndələri, sahibkarlar, yerli şirkətlərin rəhbərləri iştirak ediblər.
DVX-nin Vergiödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə “Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı, bu sahədə aparılan islahatlar” mövzusunda təqdimatla çıxış edib.
L.Hüseyn-zadə Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahələrdə təkmilləşdirmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib, 2 alt indikator üzrə 6 komponentdən ibarət olan 30 tədbirin həyata keçirildiyini qeyd edib.
İştirakçılara qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə də ətraflı izahat verilib. Bildirilib ki, “Biznesə daxilolma” işçi qrupunun təşəbbüsü ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda, Əmək, Mülki və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanunlar qəbul olunub və dövlət başçısı tərəfindən iyulun 8-də təsdiqlənib. Yenilənmiş qanunvericiliyə əsasən, yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilib. Bu yenilik ölkədə xarici subyektlər üçün elektron qeydiyyat xidmətini tamamilə əlçatan etməklə biznesə başlama prosesini asanlaşdırıb.
“Biznesə daxilolma” sahəsində həyata keçirilmiş islahatlar çərçivəsində kommersiya hüquqi şəxsin onlayn qeydiyyatı zamanı SİMA rəqəmsal imza tətbiq olunub, qeydiyyat prosesində sanksiya tətbiq edilməli olan şəxslərin nəzərə alınması və kommersiya hüquqi şəxsin rəhbərinin səlahiyyət müddəti bitdikdə elektron kabinetdən istifadəsinin məhdudlaşdırılması kimi tədbirlər görülüb. Bundan başqa, rübdə bir dəfə məlumat dəyişikliyinin qeydiyyata alınması üçün müraciətlərin zəruriliyinə dair məlumat xarakterli bildirişin kommersiya qurumlarının elektron kabinetinə göndərilməsi xidməti aktivləşdirilib. Eyni zamanda, lisenziya və ya icazə tələb olunan fəaliyyət növləri seçildikdə, kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı prosesi başa çatdıqdan sonra “Lisenziyalar və icazələr” portalına keçid imkanının yaradılması da təmin edilib.
Qeyd olunub ki, “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahələrdə təkmilləşdirmələrin həyata keçirilməsi istiqamətində islahatlar davam etdirilir. Bunlardan biri qeydiyyata qədər və qeydiyyatdan sonrakı prosesdə iştirak edən dövlət orqanlarının məlumat bazalarının əlaqələndirilməsinin əhatə dairəsinin genişləndirilməsidir. Benefisiar mülkiyyətçinin reyestrinin aparılması ilə bağlı texniki imkanın və kommersiya hüquqi şəxslərə dair mövcud məlumatlarda sonrakı dəyişikliyin (təsisçi dəyişikliyi) proaktiv olaraq qeydiyyata alınması imkanının yaradılması da gündəmdədir.
Görüş qarşılıqlı müzakirələr şəraitində davam edib, toplantı iştirakçılarının sualları cavablandırılıb.