Bakı, TurkicWorld
Rumıniya Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə daha çox layihələr üzrə əməkdaşlığı genişləndirməyinə ümid edir.
Bunu TurkicWorld-ə özəl müsahibəsində Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja deyib.
"Sofiyada imzalanmış Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün SOCAR ilə dörd paylayıcı sistem operatoru arasında əməkdaşlıq sahələrini müəyyən edir. Biz daha çox layihələrdə SOCAR ilə əməkdaşlığı genişləndirməyimizə ümid edirik. Şirkət Rumıniyanın enerji bazarında müxtəlif sektorlarda fəaliyyətini genişləndirdiyi üçün Rumıniyada etibarlı tərəfdaş və investor kimi özünü təsdiq edib", - deyə o bildirib.
Burduja əlavə edib ki, bu layihələrdən biri - Qara dənizdəki mayeləşdirilmiş təbii qaz (LNG) terminalı Xəzər regionundan, xüsusən də Azərbaycandan yeni qaz nəqli dəhlizi açacaq və bu, idxal olunan qaz həcmləri üçün Aİ bazarına yeni giriş nöqtəsinə çevriləcək:
"Bu dəhliz Xəzərin qaz mənbələrini Aİ ölkələri ilə birləşdirən ən qısa, ən birbaşa və müstəqil qaz nəqli marşrutu hesab edilə bilər. Texniki-iqtisadi əsaslandırma hazırlanıb və həyata keçirilməsi üçün əlverişli nəticələr əldə edilib. Rumıniya üçün layihə qaz idxalına giriş nöqtələrinin şaxələndirilməsini təmin edəcək, həmçinin mənbələri və tədarük marşrutlarını şaxələndirməklə Aİ-yə fayda verəcək. Mayeləşdirilmiş təbii qaz təhlükəsiz, etibarlı və sərfəli enerji təchizatını təmin edəcək və mən əminəm ki, bu layihə Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinə mühüm müsbət təsir göstərə bilər. Ona görə də bjz ümid edirik ki, o, tezliklə həyata keçirilməsi üçün Avropa Komissiyasının dəstəyini də alacaq".
O qeyd edib ki, Rumıniya hökuməti biznes yönümlüdür:
"Bütün ciddi investorlar cəlb oluna bilərlər. Rumıniya son iki onillikdə Aİ-də ən sürətlə inkişaf edən iqtisadiyyatdır və hazırda Mərkəzi və Cənub-Şərqi Avropa regionunda Polşadan sonra ikinci ən böyük birbaşa xarici investisiya alıcısıdır. Biz biznes üçün ən əlverişli tənzimləmə və vergi sistemlərindən birinə sahibik və enerji xüsusilə cəlbedici sahədir".