Bakı, TurkicWorld
Sərgi çərçivəsində bir sıra anlaşma memorandumları imzalanması nəzərdə tutulub.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Repsublikası Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Samir Ağabalayev 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi "ADEX" və 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi "Securex Caspian" sərgilərinə həsr olunmuş mətbuat konfransından çıxışı zamanı deyib.
O qeyd edib ki, prosess tam yekunlaşmayıb.
"Memorandumlar hazırlıq mərhələsindədir. Bu səbəbdən geniş məlumat verə bilmərik. Hazır olduqdan sonra sərgi proqramında bu öz əksini tapacaq", - deyə o bildirib.
Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tadbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisi keçiriləcək. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları "Securex Caspian" sərgisi də təşkil ediləcək. İlk "ADEX" sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.
Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-yə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.