Bakı, TurkicWorld
Avropa İttifaqı Cənubi Qafqaz və Mərkəzi Asiyadan "yaşıl" enerji dəhlizləri layihələrinin həyata keçirilməsinə maliyyə və texniki dəstək göstərəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Oliver Varheli Bakıda keçirilən 12-ci Xəzər Enerji Forumunun iştirakçılarına onlayn müraciətində bildirib.
Avropa komissarı Cənubi Qafqaz və Mərkəzi Asiyanın enerji və nəqliyyat dəhlizlərinin həyata keçirilməsindəki vacib rolunu vurğulayıb ki, bu da Avropa İttifaqı üçün əsas əhəmiyyət kəsb edir.
"Avropa İttifaqı bu regionlardan "yaşıl" enerji dəhlizləri layihələrinin həyata keçirilməsinə maliyyə və texniki dəstək göstərəcək, eyni zamanda, Avropa İttifaqının TEN-T strategiyası çərçivəsində Orta Dəhlizin inkişafını dəstəkləyəcək", – o qeyd edib.
Varheli Rusiyadan qaz tədarükünün azalmasını nəzərə alaraq, Azərbaycanın Avropaya qaz tədarükünü artırmağın vacibliyini vurğulayıb.
O, noyabrda Bakıda keçiriləcək COP29-la bağlı böyük gözləntilərdən bəhs edərək, bu iqlim sammitinin təmiz və bərpa olunan enerji layihələri üzrə irəliləyiş əldə etməyə kömək edəcəyini bildirib.