Bakı,TurkicWorld
2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan və İraq arasında ticarət dövriyyəsi 49% artıb.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakı şəhərində keçirilən "Azərbaycan-İraq" Biznes Forumunda bildirib.
"Ölkələrimizin liderlərinin uzaqgörən siyasəti nəticəsində Azərbaycan və İraq arasındakı ikitərəfli münasibətlər güclənir. Bununla bağlı 20 noyabr 2023-cü ildə İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfərini xüsusilə vurğulamaq istərdim. Bu səfər münasibətlərimizin müqavilə və hüquqi bazasının genişləndirilməsinə mühüm töhfə verdi. Siyasi, sosial, turizm və nəqliyyat sahələrini əhatə edən razılaşmaların və anlaşma memorandumlarının imzalanması tərəfdaşlığımızı daha da möhkəmləndirdi", – Mikayıl Cabbarov qeyd edib.
Nazirin sözlərinə görə, Azərbaycanda müxtəlif sahələrdə təxminən 170 İraq şirkəti fəaliyyət göstərir.
"Azərbaycan şirkətlərinin İraqda fəaliyyət göstərməsi üçün geniş potensial mövcuddur. Azərbaycan şirkətləri İraqda iri infrastruktur layihələrində podratçı olaraq iştirak edib və ölkədə tikinti, enerji, su təminatı, yollar və körpülər sahələrində tələbat yerli şirkətlərimiz üçün yeni imkanlar açır.
Enerji sahəsində əməkdaşlıq ölkələrimiz arasındakı iqtisadi münasibətlərin inkişafında mühüm rol oynayır və Azərbaycan bu sahədə əməkdaşlıq potensialını qiymətləndirməkdə maraqlıdır", – nazir vurğulayıb.
O, həmçinin, kiçik və orta biznes müəssisələri arasında qarşılıqlı əlaqələrin artırılmasının ikitərəfli iqtisadi, xüsusilə ticarət və investisiya münasibətlərinin gücləndirilməsi üçün vacib olduğunu qeyd edib.
M.Cabbarov yaradılan Azərbaycan-İraq Biznes Şurasının kiçik və orta müəssisələr arasında əməkdaşlığın genişləndirilməsi baxımından faydalı olacağını əlavə edib.
Nazir hesab edir ki, Azərbaycanın nəqliyyat-tranzit potensialı, regional və beynəlxalq əhəmiyyətli layihələr, Azərbaycan tərəfindən təşəbbüs göstərilən və iştirak olunan layihələr, Orta Dəhliz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmiryolu xətti və digər layihələr qarşılıqlı faydalı tərəfdaşlıq üçün əlavə imkanlar açır.
Sonra nazir İraq şirkətlərini "Ələt" azad iqtisadi zonası ilə tanış olmağa dəvət edib.