Son dəqiqə

anlaşma memorandumu Binance

“4SIM Azerbaijan” və “Binance” arasındakı memorandumun detalları açıqlanıb

Bakı, TurkicWorld

"4SIM Azerbaijan" və "Binance" arasında imzalanan memorandumun əsas istiqamətləri Metaverse, Blockchain və Web3 texnologiyalarının Azərbaycanda inkişafını əhatə edir

TurkicWorld xəbər verir ki, bu barədə "4SIM Azerbaijan"-ın icraçı direktoru Fariz Cəfərov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin tabeliyində olan Dördüncü Sənaye İnqilabı Təhlil və Koordinasiya Mərkəzi (4SIM Azerbaijan) Azərbaycanın ən iri qlobal texnologiya tərəfdaşlarını ölkəyə cəlb etmək və rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində müxtəlif layihələri həyata keçirmək kimi əsas vəzifələrini yerinə yetirir.

"Bu sahədə insan kapitalının inkişafı bizim prioritetlərimizdən biridir. Bu məqsədlə, biz ən iri kriptovalyuta platforması "Binance" ilə əməkdaşlıq memorandumu imzaladıq. Memorandumun əsas istiqamətləri Azərbaycanda Metaverse, Blockchain və Web3 texnologiyalarının inkişafını, həmçinin süni intellekt, NFT və oyun sahəsində istifadə olunan virtual alətlər, rəqəmsal aktivlər və ödəmə sistemləri ilə bağlı müxtəlif təhsil proqramlarının tətbiqini əhatə edir.

Əməkdaşlığımızın mühüm elementlərindən biri "Binance Academy"-dir, bu platforma dünya üzrə 20 milyondan çox istifadəçiyə malikdir. Biz bu platformanın proqramlarını Azərbaycan bazarına uyğunlaşdırırıq ki, vətəndaşların bu texnologiyalar haqqında məlumat səviyyəsini artırmaq mümkün olsun. Əsas aspektlərdən biri də özəl sektor və digər iqtisadi subyektlərin Dördüncü Sənaye İnqilabı texnologiyaları ilə bağlı biliklərin yayılmasında dəstəklənməsidir", - F. Cəfərov qeyd edib.

Onun sözlərinə görə, 4SIM universitetlərlə sıx əməkdaşlıq edəcək və birgə təhsil proqramları həyata keçirəcək.

"Əlavə olaraq, həm yerli, həm də beynəlxalq tərəfdaşların iştirakı ilə onlayn və oflayn konfranslar, təlimlər və seminarlar təşkil ediləcək. Bu səylər Metaverse, Blockchain, Web3 və süni intellekt sahələrinin Azərbaycan rəqəmsal iqtisadiyyatına töhfəsini artırmağa yönəldilib ki, bu da milli iqtisadiyyatın diversifikasiyasına və davamlı inkişafına kömək edəcək", - "4SIM Azerbaijan"-ın icraçı direktoru əlavə edib.

Mövzuya görə xəbərlər