Son dəqiqə

Samir Şərifov Asiya İnkişaf Bankı (AİB) COP29

AİB-in enerji üzrə baş direktoru Bakıya gəlib

Bakı, TurkicWorld

Asiya İnkişaf Bankının (AİB) enerji üzrə baş direktoru Bakıya gəlib.

TurkicWorld xəbər verir ki, Asiya İnkişaf Bankının (AİB) enerji üzrə baş direktoru Priyantha Vijayatunqa Azərbaycanın enerji keçidi və onun genişləndirilməsi üçün strateji inkişaf prioritetlərini, o cümlədən, ölkədə "yaşıl dəhliz"lərin planlaşdırılmış inkişafı, bərpa olunan enerji infrastrukturu, enerji şəbəkəsinin genişləndirilməsi və dekarbonizasiya məsələlərini müzakirə etmək üçün Azərbaycan rəsmiləri ilə görüşüb.

Səfər zamanı Priyantha Vijayatunqa maliyyə naziri Samir Şərifov, hökumət rəsmiləri və digər aidiyyatı qurumlarla görüşlər keçirib.

"Biz ölkənin enerji keçidini sürətləndirmək üçün hökumətin prioritetlərini yüksək qiymətləndiririk. AİB və Azərbaycan arasında tərəfdaşlığın 25 illiyini qeyd etdiyimiz vaxtda, AİB ölkənin inkişaf məqsədlərinə dəstək olmaq öhdəliyini bir daha vurğulayır", - deyə o bildirib .

Son 25 ildə AİB Azərbaycanın enerji sektoruna 1,7 milyard dollar sərmayə qoyub. 2030-cu ilə qədər Azərbaycanda bərpa olunan enerjinin payının 30%-ə çatması, həmçinin, "yaşıl dəhliz"lərin inkişafı, o cümlədən, Xəzər dənizinin sualtı kabel layihəsi, elektrik ötürücü və paylayıcı şəbəkələrin gücləndirilməsi və enerjinin genişləndirilməsi kimi əsas strateji prioritetlər Azərbaycan və AİB-in gələcək tərəfdaşlığının əsasını təşkil edəcək.

Baş direktor, həmçinin, AİB-in birgə maliyyələşdirdiyi Azərbaycanda ilk bərpa olunan günəş enerjisi layihəsi kimi tanınan Ələt qəsəbəsi yaxınlığındakı "Masdar" şirkətinin 230 meqavatlıq Qaradağ günəş enerjisi stansiyasının uğurla ərsəyə gəlməsini, eləcə də, gələcəkdə tamamlanacaq 1 giqavatlıq günəş və külək layihələrini müzakirə edib.

O, həmçinin, COP29 tədbirinin keçiriləcəyi əsas məkan olan Bakı Olimpiya Stadionunun yaxınlığında, Böyükşor gölündə 100 kVt-luq Üzən Günəş Fotovoltaik (FPV) Pilot Layihəsinin bu yaxınlarda istifadəyə verilməsi münasibətilə Energetika Nazirliyini təbrik edib.

Asiya və Sakit Okean regionunun iqlim bankı kimi AİB, həmçinin, noyabrda Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının iqlim sammiti ərəfəsində potensialın gücləndirilməsi də daxil olmaqla, Azərbaycanın COP29-da sədrliyini dəstəkləyir.

Azərbaycanın banka üzv olduğu 1999-cu ildən etibarən AİB dövlət və özəl sektora, o cümlədən, nəqliyyat, enerji, səhiyyə və kənd təsərrüfatı sahələrinə 5 milyard dollardan çox vəsait ayırıb.

AİB ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirməklə yanaşı, firavan, əhatəli, davamlı və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir. AİB 1966-cı ildə yaradılıb, 49-u regiondan olmaqla bankın 68 üzvü onun səhmdarlarıdır.

Mövzuya görə xəbərlər