Son dəqiqə

Toyota avtomobil bazarı Elman Məmmədov

Ölkmizə Avropa bazarından maşın gətirilməsi dayanıb – Ekspert

Bakı, TurkicWorld

Ölkəyə gətirilən avtomobillərə 10 il istehsal limiti qoyulması ilə bağlı qərardan sonra Avropa bazarından ölkəmizə maşın gətirilməsi demək olar ki, dayanıb.

Bunu TurkicWorld-a açıqlamasında avtomobil sektoru üzrə ekspert Elman Məmmədov deyib.

Ekspert bildirib ki, bunun bir neçə səbəbi var.

“İlk növbədə, birinci əl təzə avtomobillər Avropa bazarında çox bahadır. Azərbaycan bazarı üçün uyğun deyildir. Yerdə qalır ikinci əl avtomobillər. Lakin Avropa özəlliklə Almaniya bazarından isə bizim ölkəyə demək olar ki, ikinci əl maşın gətirilmirdi. Çünki Avropada 5-10 il arasında istifadə edilən maşınların texniki vəziyyəti o qədər də qənaət bəxş olmur. Belə ki, Avropada avtomobil servis xidməti baha olduğu üçün maşınlara texniki qulluq lazım olan qədər göstərilmir. Başqa sözlə, Avropada texniki baxışdan keçən avtomobillərin qiyməti yüksək olur. Texniki baxışdan keçməyən avtomobillərin isə bəzi Avropa ölkələrində sürülməsi qadağandır. Bu cür maşınlar sadəcə eksport edilir”- deyə o bildirib.

Ekspertin fikrincə gələcəkdə problemlərlə üzləşmə ehtimalı yüksək olduğu üçün Avropadan yürüşü yüksək olan və texniki baxış keçirilməmiş avtomobillərin gətirilməsi məsləhət görülmür.

Qeyd edək ki, 1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən səkkiz ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin, qeyd edilən tarixdən sonra taksi xidməti üçün buraxılış kartı almaq üçün təqdim olunan avtomobillər 2024-cü ilin iyul ayının 1-dən sonra ölkəmizə idxal edilərsə və ya ölkəmizdə istehsal olunubsa, onların rəngi ağ və ya qırmızı olmalıdır.

Ekspertimiz Avropa bazarının dayanmasından sonra isə ikinci böyük bazar kimi Koreya bazarının açıldığını bildirib.

“Koreya bazarı bu vaxta kimi o qədər də güclü deyildi. Eyni zamanda ABŞ bazarı da öz aktuallığını qoruyub saxlayırdı. Çünki ordan gələn zədəli maşınlar çox ucuz olduğu üçün, ordan ucuz qiymətə almaqla ölkə ərazisində müəyyən təmir işlər həyata keçirildikdən sonra satıla bilirdi”- deyə Elman bəy əlavə edib.

Ölkəmizdə yaxın gələcəkdə Çin maşınlarının sayının artacağını deyən ekspert bunu bir neçə səbəblə izah edir.

“Çindən Azərbaycana və burdan da Avropaya dəmiryolu qatarı çəkilir. Həmçinin, iki ölkə arasında qarşılıqlı şəkildə viza sistemi sadələşdirilmişdir. Bütün bunlar əsasında deyə bilərik ki, yaxın gələcəkdə Azərbaycan bazarında Çin avtomobillərinin üstünlük təşkil etməsi gözlənilir”,- deyə o əlavə edib.

Ölkəmizdə xüsusiylə də taksi xidmətində istifadə edilən Toyota Prius avtomobilləri haqqında danışan ekspert, bu maşınların çox az hissəsi Avropadan olmaqla əsasən ABŞ-dan zədələnmiş vəziyyətdə alındığını bildirib. Priusların ABŞ bazarında sözünü demiş, özünü doğrultmuş maşınlar olduğunu qeyd edən ekspert bu maşınlarla bağlı ölkəmizdə yaranan pis təəssüratın səbəbinə də toxunub.

“Ölkəmizdə taksi xidməti göstərən şəxslər əsasən günlük icarəyə maşın götürərək bu xidmətlə məşğul olurdu. Və buna görə də maşınların texniki vəziyyətinə ümumiyyətlə baxmırdılar. Yəni vaxtlı-vaxtında texniki servis göstərmirdilər. Və nəticədə avtomobilin əyləc sistemində problemlər yaranırdı”,-deyə o bildirib.

Amerika, Çin, Koreya və Avropa avtomobil bazarları üzrə mövcud vəziyyəti izah edın ekspert hal-hazırda ölkəmizi daha böyük bir təhlükənin gözlədiyinə diqqət çəkib.

“Heç bir standarta cavab verməyən və Yaponiya daxili bazarı üçün istehsal edilən digər Toyota maşınları ölkə ərazisinə gətirilir. Bu maşınların zavoddan çıxan orjinal vəziyyətində sükanı sol tərəfdə yerləşir. Qeyd edək ki, bu maşınlar kütləvi şəkildə Yaponiya və Dubaydan ölkə ərazisinə idxal edilir. Və bu maşınlar kustar üsularla Gürcüstanda, Dubayda və Bakıda heç bir standarta cavab verməyən şəkildə və şəraitdə müyyən dəyişikliyə məruz qalaraq sükanı sağdan sola keçilir. Bu zaman maşının üstündə olan orjinal bütün naqillərin yeri dəyişdirilir və ucuz naqillərdən istifadə olunur. Bu isə qəza hallarının olma ehtimalını artırır”,-deyə ekspert mövcud vəziyyəti şərh edib.

Heç bir ölkədə sükanı kustar üsullarla dəyişdirilmiş maşınların qeydiyyata alınmadığını deyən ekspert bu maşınların ölkəmiz üçün böyük təhlükə daşıdığını bildirib.

Mövzuya görə xəbərlər